“Bakı və Təl-Əviv arasında danışıqlar ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi ilə yanaşı, regional proseslər fonunda da xüsusi əhəmiyyət daşıyır”.
Bu sözləri NOCOMMENT.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, İsrail xarici işlər nazirinin Bakıya səfəri, ardınca Azərbaycan-İsrail təmaslarının davam etdirilməsi hazırda İran ətrafında baş verənlər baxımından əhəmiyyətlidir:
“İranda Bakı-Təl-Əviv təmaslarını özlərinə qarşı təhlükə kimi təqdim edilməsi iddiaları hələ də mövcuddur. İsrailli nazirin səfərindən sonra belə iddialar yenidən intensivləşib, hərçənd, Azərbaycanın əsas məqsədi regional gərginliyin aradan qaldırılmasıdır.
Prezident İlham Əliyev də Pezeşkianla telefon söhbətində bunu vurğuladı. Fikrimcə, Bakı Təl-Əvivlə danışıqlarda bu məsələ üzərində də dayanır, problemin masada həllinin vacibliyini və bununla bağlı töhfə verə biləcəyini qeyd edir. Eyni təşəbbüs rəsmi Tehrana da çatdırılıb. Bakı və Təl-Əviv arasındakı danışıqların cari mövzusu budur. Azərbaycan İran ətrafında gərginliyin aradan qalxmasında maraqlıdır və bu məqsədlə vasitəçilik missiyasına töhfə verə bilər”.
Atilla Rzasoy