İran ABŞ Hərbi Dəniz Qüvvələrinin reaksiyasını yoxlamaq və öz hərbi gücünü nümayiş etdirmək məqsədilə ABŞ-yə məxsus aviadaşıyıcıya pilotsuz uçuş aparatı göndərib və Amerika bayrağı altında üzən tankeri dayandırmağa cəhd göstərib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Institute for the Study of War (ISW) tərəfindən yayımlanan hesabatda bildirilib.
Məlumata görə, ilk insident çərşənbə axşamı baş verib. Belə ki, İrana məxsus “Shahed-129” kəşfiyyat pilotsuz aparatı Ərəb dənizində ABŞ-ın “Avraam Linkoln” aviadaşıyıcısına yaxınlaşıb. Bundan sonra pilotsuz uçuş aparatı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F-35C qırıcı təyyarəsi tərəfindən ələ keçirilib və vurularaq məhv edilib.
Bir neçə saat sonra isə İranın sürətli hərbi katerləri pilotsuz uçuş aparatının dəstəyi ilə Fars körfəzində ABŞ bayrağı altında üzən tankeri dayandırmağa cəhd göstəriblər. Bu addım ABŞ-a məxsus esminesin cavab tədbirləri ilə qarşılanıb.
ISW-nin hesabatında qeyd olunur ki, hər iki hadisə “zondlayıcı hərəkətlər” modelinə uyğun gəlir. Bu cür fəaliyyətlərin əsas məqsədi qarşı tərəfin gücünü, yerləşməsini və reaksiyasının xarakterini yoxlamaq, eyni zamanda siyasi və hərbi mesaj ötürməkdir.
Analitiklərin fikrincə, İran bu addımlarla ABŞ-a qarşı hərbi-siyasi mövqeyini nümayiş etdirməyə və bölgədəki mövcud vəziyyəti test etməyə çalışır.
Sara