Azərbaycanın XXV Qış Olimpiya Oyunlarında iştirak edəcək nümayəndə heyətinin İtaliyaya yola düşəcəyi tarix bəlli olub.
Sportinfo.az-ın idman.biz saytlna istinadən yaydığı xəbərə görə, Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyev bildirib ki, nümayəndə heyəti fevralın 5-də İtaliyaya yola düşəcək.
Azərbaycan komandasının şef de-missionu MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov olacaq.
Anar Bağırov tanınmış sambo və cüdo mütəxəssisi Natiq Bağırovun oğludur.
Milan və Kortina-d’Ampezzo şəhərlərinin ev sahibliyi edəcəyi XXV Qış Olimpiya Oyunları körlinq yarışları ilə start götürəcək. Açılış mərasimi fevralın 6-da keçiriləcək, oyunlara isə fevralın 22-də yekun vurulacaq.
Azərbaycanı Olimpiadada dağ xizəyində Anastasiya Papatoma, fiqurlu konkisürmədə isə Vladimir Litvintsev təmsil edəcək.
Fiqurlu konkisürmə yarışları fevralın 6-da, dağ xizəyi üzrə mübarizə isə fevralın 7-də başlayacaq.
Gender bərabərliyi prinsipinə uyğun olaraq, açılış və bağlanış mərasimlərində Azərbaycan bayrağını hər iki idmançı daşıyacaq.