AZ

Alimlər Yupiterin real ölçülərini müəyyən ediblər

NASA-nın “Juno” aparatı planetin əvvəl düşünüləndən daha kiçik və qütblərdən daha çox yastı olduğunu üzə çıxarıb...

Poliqon xəbər verir ki, alimlər Yupiterin ölçülərinin indiyədək hesab ediləndən fərqli olduğunu müəyyən ediblər. Nature Astronomy jurnalında dərc olunan araşdırmaya görə, Günəş sisteminin ən böyük planeti əslində bir qədər kiçikdir və qütblərindən daha çox sıxılmış formaya malikdir. Dəqiq ölçmələr NASA-nın “Juno” (“Yuno”) kosmik aparatı vasitəsilə aparılıb.

Yeni məlumatlara əsasən, Yupiterin ekvatorial radiusu 71 488 kilometr təşkil edir ki, bu da əvvəlki hesablamalardan 8 kilometr azdır. Planetin qütb radiusu isə 69 886 kilometrdir və bu göstərici əvvəl qəbul edilən rəqəmlərdən 24 kilometr kiçikdir. Bu fərqlər Yupiterin formasının və daxili quruluşunun daha dəqiq anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunur ki, Yupiterin ölçüləri ilə bağlı əvvəlki hesablamalar əsasən 1970-ci illərdə buraxılmış ABŞ-ın “Pioner” və “Voyacer” kosmik zondlarının topladığı məlumatlara əsaslanırdı. Yeni tədqiqat isə təkcə daha dəqiq ölçmələri deyil, həm də Yupiterin atmosferindəki son dərəcə güclü küləklərin planetin formasına təsirini nəzərə alır. Məhz bu amil əvvəlki modellərdə yetərincə qiymətləndirilməmişdi.

“Juno” aparatı 2011-ci ildə buraxılıb və 2016-cı ildə Yupiterin orbitinə çıxıb. Missiyanın əsas məqsədi planetin mənşəyini, təkamülünü, daxili quruluşunu və maqnit sahəsini öyrənmək olub. İlkin missiya 2021-ci ildə başa çatdıqdan sonra genişləndirilmiş tədqiqat proqramına start verilib və bu çərçivədə Yupiter sisteminin bütövlükdə öyrənilməsi nəzərdə tutulub. 2024-cü ilin noyabrında “Juno” ilk dəfə planetin qütblərinə maksimum yaxınlaşıb və unikal görüntülər əldə edib ki, bu da yeni elmi nəticələrin ortaya çıxmasına imkan yaradıb.

Poliqon.info

Seçilən
89
4
poliqon.info

6Mənbələr