Federal hakimiyyət DOGE-nin agentliyin fəaliyyətinin dayandırılmasında səlahiyyət həddini aşıb-aşmadığını araşdırır...
ABŞ-də federal məhkəmə sahibkar İlon Maskı və Dövlət Departamentinin bir neçə yüksəkvəzifəli əməkdaşını Beynəlxalq İnkişaf Agentliyinin (USAID) faktiki olaraq ləğv edilməsi prosesindəki rolları ilə bağlı and içərək ifadə verməyə məcbur edib.
Poliqon xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Məhkəmə Ağ Evin addımlarına qarşı qaldırılmış iddianı nəzərdən keçirir. İddia USAID-in bir qrup anonim əməkdaşı tərəfindən təqdim olunub. Onlar bildiriblər ki, İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəçiliyinin Effektivliyi Departamenti (DOGE) müvafiq hüquqi səlahiyyətlərə malik olmadan dünyanın ən böyük humanitar təşkilatlarından biri sayılan USAID-i ləğv etməyə cəhd göstərib və bu addımlar qanunsuz xarakter daşıyıb.
İddiaçıların fikrincə, DOGE-nin fəaliyyəti icra hakimiyyətinin səlahiyyətlərini aşaraq Konqresin təsdiqi olmadan əsas federal qurumlardan birinin fəaliyyətinə son qoymağa yönəlib. Məhkəmə çərçivəsində İlon Maskdan və Dövlət Departamenti rəsmilərindən bu prosesdə hansı qərarların kim tərəfindən verildiyi, hansı hüquqi əsaslara söykənildiyi və Ağ Evin rolu barədə ətraflı izahat tələb olunur.
Məlumata görə, USAID-in 2023-cü il büdcəsi 43,4 milyard dollar təşkil edib, agentliyin proqramları təxminən 130 ölkəni əhatə edib və qurumda 10 mindən çox mütəxəssis çalışıb. ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıdışından sonra USAID ABŞ Dövlət Departamentinin tabeliyinə verilib. Bundan sonra agentliyin bir sıra proqramları bağlanıb, minlərlə əməkdaş işdən çıxarılıb. ABŞ rəsmiləri bu addımların dövlət xərclərinin azaldılması məqsədi daşıdığını açıqlayıblar. Nəticədə USAID 1 iyul 2025-ci il tarixindən etibarən xarici yardım proqramlarının icrasını tam dayandırıb.
Qeyd olunur ki, dövlət qulluqçularının ixtisarında iştirak etmiş DOGE-nin rəhbəri İlon Mask görülən işlərin nəticələrini ehtiyatla dəyərləndirib. O, bu təcrübəni “yalnız qismən uğurlu” adlandırıb və gələcəkdə oxşar layihə ilə yenidən məşğul olmaq istəmədiyini bildirib.
Poliqon.info