AZ

Oğuzda talan – 4 hektar torpağın zəbtinin istintaqı düyünə düşüb/FOTO

Oğuz rayonunda tamhüquqlu mülkiyyətçiyə məxsus torpaq sahəsinin uzun müddət ərzində “Meyvə bağları” MMC və onun sahibi Ələskər və Nəcəf Həmzəyev qardaşları tərəfindən zəbt edilməsi, 100-lərlə ağacın məhv edilməsi, ərazinin qanunsuz şəkildə əkilib-becərilməsi və bu yolla gəlir əldə olunması iddiaları ciddi ictimai rezonans doğurur.

Söhbət mərhum prezident Heydər Əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş Şahid Həbibullayevin oğlu Şahin Həbibullayevə məxsus 4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən gedir.

Zərərçəkmiş Şahin Həbibullayev uzun müddət nəticəsiz qalan şikayətlərinə cavab tapmaq üçün ölkə rəhbərliyinə, daxili işlər naziri Vilayət Eyvazova rəsmi müraciət edib. O, müraciətlərində torpağının zəbt olunması və qanunsuz istifadəsi ilə bağlı obyektiv istintaqın aparılmasını istəyir.

Zərərçəkmişin bildirdiyinə görə, torpaq sahəsi yalnız zəbt olunmayıb, eyni zamanda illərdir əkilib-becərilir, qanunsuz gəlir əldə olunur, hətta satışa da çıxarılıb.

Maraqlıdır ki, çoxsaylı şikayətlərə baxmayaraq, uzun müddət cinayət işinin başlanması rədd edilib.

Şahin Həbibullayev deyir ki, 2024-cü ilin dekabrında ilk müraciətindən sonra Oğuz RPŞ-də cinayət işi başlanmayıb.

Yalnız 2025-ci ilin aprelində daxili işlər naziri Vilayət Eyvazovun qəbuluna düşəndən sonra cinayət işi başlanıb:

“Hörmətli cənab nazir məni səbrlə dinlədi, mülkiyyət hüququmu təsdiq edən sənədlərə baxdı və Oğuz RPŞ-nin rəisi Fərid Fətəliyevə göstəriş verdi ki, dərhal cinayət işi başlanıb istintaq aparılsın. Cənab nazirin açıq-aşkar tapşırığı bu oldu ki, sakitlik təmin olunmaqla istintaq aparılsın. Çünki qarşı tərəf mənə hücumlar edir, real fiziki zor tətbiqindən belə çəkinmirdilər. Bunu təsdiq edən videolar da var.

Ələskər Həmzəyev və başının dəstəsi mənə hücum çəkib fiziki zor göstərəcəklərini real olaraq nümayiş etdirir, məni tutub sağa-sola çəkirdilər. Bütün bunlara ərazidə olan hüquq-mühafizə orqanı əməkdaşları reaksiya vermirlər.

Hörmətli cənab nazirin göstərişindən sonra cinayət işi başlansa da, müxtəlif bəhanələrlə iş dayandırıldı. Cinayət işi başlanmasından sonra 3 ay ilkin istintaq müddəti keçən kimi müstəntiq, heç bir istintaq hərəkəti keçirmədən, cinayət işi üzrə icraatı dayandırdı. İbtidai araşdırmaya nəzarət edən Oğuz rayon prokuroru isə həmin qərarı ləğv etmək əvəzinə təsdiqlədi. Yalnız baş prokuror Kamran Əliyevin qəbuluna düşəndən sonra prokuror müstəntiqin qərarını ləğv edib cinayət işi üzrə icraatı təzələdi. Oğuz Rayon Polis Şöbəsində icraatı dayandırılmış 250330076 saylı cinayət işi 26 yanvar 2026-cı ildə yeniləndi”.

Şahin Həbibullayev deyir ki, cinayət işinin başlanmasından təxminən 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, müstəntiq Bədrəddin Yasərli faktiki olaraq istintaq hərəkətlərini yerinə yetirmir. Hadisə yerində olsa da, torpaq sahəsinin sərhədlərini müəyyən etməyib, mütəxəssislər cəlb olunmayıb. Şahidləri dindirsələr də, dindirmə protokollaşdırılmayıb. Hətta məhkəmə ekspertizası belə təyin edilməyib. Daha maraqlısı isə odur ki, müstəntiq Yasərli Şahin Həbibullayevi bu müddət ərzində zərərçəkmiş şəxs qismində tanımayıb. Şahin Həbibullayev deyir ki, istintaqa təqdim etdiyi sənədlər, sübutlar sonradan qarşı tərəfdə peyda olur.

Şikayətdə diqqət çəkən digər məqam işdə adı keçən Ələskər Həmzəyev və qardaşı Nəcəf Həmzəyevin uzun müddət istintaqa dəvət olunmamasıdır. Dəvət edildikdə isə Ələskər Həmzəyevin torpaq zəbtini inkar etmədiyi bildirilir.

Şahin Həbibullayevin sözlərinə görə, müstəntiq Ələskər Həmzəyevin bu məzmunlu ifadəsini protokollaşdırmaqdan yayınıb. Cinayət işində daha bir absurd məqam ondan ibarətdir ki, məhkəmə-torpaq ekspertizası təyin etmək əvəzinə “torpaq zəbt edilib-edilməyib” sualı ilə Dövlət Əmlak Xidmətinə sorğu göndərilib. Şahin Həbibullayev haqlı olaraq sual edir: əgər torpaq zəbtini istintaq yox, icra qurumu müəyyən edəcəksə, onda istintaq orqanının funksiyası nədən ibarətdir?

Şikayətçi bildirir ki, baş verənlərlə bağlı Oğuz Rayon Polis Şöbəsinin rəisi Fərid Fətəliyevə də məlumat verib və Ələskər Həmzəyevin onun torpaq sahəsinin zəbti ilə bağlı istintaqın operativ və obyektiv şəkildə sona çatdırılmasını xahiş edib. Onun iddiasına görə, hazırda Oğuz rayonunda onlarla hektar torpaq sahəsi və kənd təsərrüfatı texnikası Ələskər Həmzəyevin və onun vəzifəli şəriklərinin qohumlarının adına rəsmiləşdirilib. Həmin torpaqların bir hissəsi artıq satışa çıxarılıb. Satış siyahısında Şahin Həbibullayevə məxsus 4 hektar torpaq sahəsinin də yer aldığı iddia olunur.

Şahin Şahid oğlu Həbibullayev məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və daxili işlər naziri Vilayət Eyvazova rəsmi müraciət edib.

O, müraciətlərində bildirir:

“Mənə və yaxınlarıma təzyiq və hədələr edilir. Torpaqdan imtina etməsəm, narkotik ittihamı ilə həbslə hədələnirəm. Çünki torpağımın zəbtində Ələskər Həmzəyev tək deyil, onun vəzifəli şəxslərlə şərikliyi və ciddi kommersiya maraqları var. Bu gün ortada torpağımın zəbti ilə bağlı cinayət işi mövcuddur, amma istintaq faktiki olaraq aparılmır”.

Şahin Həbibullayev qeyd edir ki, bütün bu baş verənlər onun konstitusion mülkiyyət hüququnun açıq şəkildə pozulmasıdır və o, 4 hektar torpaq sahəsindən qanunsuz istifadə edən şəxslərin qanun qarşısında cavab verməsini tələb edir. O, həmçinin istintaqın obyektiv aparılacağına, torpaq zəbti, ağacların qırılması faktına hüquqi qiymət veriləcəyinə və mülkiyyət hüququnun bərpa olunacağına ümid etdiyini vurğulayır.

Məsələ ilə bağlı adı çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Musavat.com



Seçilən
99
ekologiya.az

1Mənbələr