AZ

Politoloq: BƏƏ-nin vasitəçiliyi normallaşma prosesinin etibarlılığını artırır

Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyevin Əbu‑Dabi səfəri və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü regional və beynəlxalq siyasət baxımından mühüm məqamları əks etdirir. Bu görüş yalnız Azərbaycan-Ermənistan münasibətlərini deyil, həm də Cənubi Qafqazın geosiyasi balansını formalaşdıran faktorları önə çıxarır”.

Bunu Hafta.az-a politoloq Rəşad Bayramov Prezident İlham Əliyevin Əbu-Dabi səfəri və orada Ermənistanın baş naziri Nikol Pasinyanla görüşü ilə bağlı bildirib.

Politoloq eyni zamanda qeyd edib ki, bu səfər çərçivəsində diqqət çəkən məqamlardan biri görüşün Əbu‑Dabidə keçirilməsidir:

“Birləşmiş Ərəb Əmirliyinin ev sahibliyi göstərməsi yalnız dialoqun neytral mühitdə aparılmasına şərait yaratmır, həm də ərəb dünyasının region prosesinə marağını və təsir imkanlarını göstərir. Bu, həmçinin qlobal aktorlar üçün o siqnalı verir ki, Cənubi Qafqazın sabitliyi artıq təkcə regional deyil, beynəlxalq maraqlar çərçivəsində də vacib məsələdir”, - politoloq deyib.

R.Bayramov bildirib ki, görüşün gündəliyi və aparılan müzakirələr göstərir ki, tərəflər artıq praktik və konkret addımlar üzərində dayanırlar. Onun sözlərinə görə, sərhəd delimitasiyası, qarşılıqlı etimad tədbirləri, iqtisadi əməkdaşlıq və normallaşma prosesləri müzakirə mövzusudur:

“Bu, rəsmi münasibətlərin normallaşması ilə yanaşı həm də uzunmüddətli sülhün təmin edilməsi və regionda iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün strukturlaşdırılmış yanaşmanın başlanğıcını ifadə edir. Danışıqlarda diqqətçəkən bir məqam isə praktik əməkdaşlıq imkanlarının müzakirəsidir. Tərəflər sərhəd bölgələrində təhlükəsizlik tədbirləri, kommunikasiya xətləri və iqtisadi layihələr üzrə işçi qruplarının fəaliyyətini davam etdirməyi planlaşdırırlar. Bu, uzunmüddətli perspektivdə qarşılıqlı etimadın artırılması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün baza yaradır. Xüsusilə nəqliyyat və enerji layihələri kimi strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi, tərəflər arasında sülhü daha dayanıqlı edəcək.

Bundan əlavə, görüş beynəlxalq aktorların rolunu da təsdiqləyir. BƏƏ-nin vasitəçiliyi, regional güclərin maraqlarının nəzərə alınması və dialoqun beynəlxalq çərçivədə dəstəklənməsi, normallaşma prosesinin etibarlılığını artırır. Bu isə həm Cənubi Qafqazın iqtisadi və siyasi sabitliyinə, həm də regional layihələrin icrasına müsbət təsir göstərə bilər.

Ümumilikdə götürdükdə Əbu‑Dabi görüşü göstərir ki, Azərbaycan və Ermənistan dialoq və normallaşmanı prioritet hesab edirlər. Bu görüş Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyü və regionun iqtisadi‑siyasi sabitliyinin artırılması üçün əhəmiyyətli addım kimi qiymətləndirilə bilər”, - R.Bayramov deyib.

Tahirə Qafarlı

Seçilən
95
hafta.az

1Mənbələr