AZ

Rusiyanın Litvaya müdaxilə ssenarisi sınaqdan keçirilib: Nəticələr məyusedicidir

Avropalı təhlükəsizlik və siyasi liderlərin bir çoxu hesab edir ki, Avropa ilə münasibətlərdə gərginlik fonunda Rusiyanın NATO və Avropa İttifaqı üzvü olan ölkələrə müdaxiləsi daha real hala gəlib...

Poliqon The Wall Street Journal-a istinadən xəbər verir ki, əvvəllər Rusiyanın 2029-cu ilə qədər NATO üçün real təhlükə yarada bilməyəcəyi düşünülürdü. İndi isə belə bir böhranın daha tez — Avropa adekvat cavab verməyə hazır olmamışdan əvvəl baş verə biləcəyi barədə ortaq fikir güclənir.

"Qiymətləndirməmizə görə, Rusiya bir il ərzində böyük həcmdə qoşunları köçürə bilər. Görürük ki, onlar artıq strateji ehtiyatlarını artırır, NATO sərhədləri boyunca mövcudluqlarını və resurslarını genişləndirirlər", deyə Niderlandın müdafiə naziri Ruben Brekelmans müsahibəsində deyib.

WSJ qeyd edir ki, Rusiyanın ən aşkar hədəfləri vaxtilə SSRİ-nin tərkibində olmuş ölkələr – Litva, Latviya və Estoniyadır. NATO hərbi planlaşdırıcıları həmçinin Rusiyanın Baltik dənizində İsveç, Finlandiya və Danimarkaya məxsus adalar, Polşanın bəzi hissələri, Norveç və Finlandiyanın ucqar şimal əraziləri, eləcə də Qərbi Avropada, hətta Niderlandın Rotterdam limanına qədər uzanan strateji infrastruktura zərbələr endirmək ehtimalından narahatdırlar.

Hərbi təlimlər Avropanın zəifliyini göstərdi

Dekabr ayında Almaniyanın Die Welt qəzeti Almaniya Silahlı Qüvvələrinin Helmut Şmidt Universitetinin Hərbi Oyunlar Mərkəzi ilə birlikdə Rusiyanın Litvaya müdaxiləsini imitasiya edən təlim təşkil edib. Təlimdə Almaniya və NATO-nun keçmiş yüksək vəzifəli məmurları, qanunvericilər və tanınmış təhlükəsizlik ekspertləri daxil olmaqla 16 nəfər iştirak edib. Ssenari 2026-cı ilin oktyabrında baş verən hadisələr üzərində qurulub.

Təlim zamanı Rusiya Kalininqrad eksklavında humanitar böhran bəhanəsi ilə Litvanın Avropa üçün strateji əhəmiyyətə malik nəqliyyat qovşaqlarından biri olan Mariyampole şəhərini ələ keçirir. Rusiyanın müdaxiləni humanitar missiya kimi təqdim etməsi ABŞ-ın NATO-nun 5-ci maddəsini tətbiq etməkdən imtina etməsi üçün kifayət edir. Almaniya tərəddüd göstərir, Polşa isə qoşunları səfərbər etsə də, onları Litvaya keçirmir. Litvada yerləşdirilmiş Alman briqadası da müdaxilə etmir. Səbəblərdən biri Rusiyanın pilotsuz aparatlarla yolları minalamasıdır.

"Caydırıcılıq təkcə imkanlardan deyil, həm də qarşı tərəfin bizim iradəmiz haqqında nə düşündüyündən asılıdır. Hərbi oyun zamanı "rusiyalı həmkarlarım" və mən bilirdik ki, Almaniya tərəddüd edəcək. Bu isə qələbə üçün kifayət idi", deyə ssenaridə Rusiya Baş Qərargah rəisi rolunu oynayan vyanalı hərbi analitik Frans-Ştefan Qadi bildirib.

Nəticədə ABŞ rəhbərliyi olmadan Rusiya cəmi bir neçə gün ərzində qələbə qazanır — NATO-ya inamı sarsıdır və cəmi 15 min hərbçi ilə Baltikyanı regionda üstünlük əldə edir.

Putin avropalıların hazır olmasını gözləməyəcək

Litva Müdafiə Qərargah rəisi, kontr-admiral Gedryus Premenetskas deyib ki, real həyatda Litva və müttəfiqlər kəşfiyyat məlumatları sayəsində belə ssenaridən əvvəl xəbərdar ola bilərdilər. Onun sözlərinə görə, müttəfiqlər olmasa belə, Litvanın öz Silahlı Qüvvələri — sülh dövründə 17 min, dərhal səfərbərlikdən sonra 58 min nəfər — Mariyampole istiqamətində məhdud təhdidi dəf edə bilər. O əlavə edib ki, Rusiya üçün də risklər böyükdür:

"Kalininqradın saxlanması Rusiya üçün dilemma olacaq. Əgər Rusiya nəsə etsə, NATO açıq şəkildə bəyan etməlidir ki, bu halda o, Kalininqradı itirəcək".

Bəzi Avropa rəsmiləri və təhlükəsizlik analitikləri hesab edirlər ki, Ukrayna ilə bağlı razılaşma olmasa belə, Rusiya hücum əməliyyatlarından müdafiə xəttinin saxlanmasına keçməklə dərhal 200 minə qədər döyüş təcrübəli hərbçini azad edə bilər. Bu, Putinin 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hücumun əvvəlində istifadə etdiyi qüvvədən çoxdur.

"Əgər məqsəd NATO-nun 5-ci maddəsinin işləmədiyini göstərmək və avropalıları parçalamaqdırsa, bunun üçün nəhəng hərbi güc yox, siyasi iradə lazımdır. Putin niyə avropalıların hazır olmasını gözləsin ki?", deyə Almaniyanın keçmiş yüksək vəzifəli müdafiə rəsmisi Niko Lange bildirib.

WSJ qeyd edir ki, Rusiya böyük ehtimalla NATO-ya qarşı Ukraynadakı kimi uzunmüddətli tükətmə müharibəsi aparmağa çalışmaz.

"Uzun müharibə Rusiya üçün fəlakətli olardı, çünki istehsal və səfərbərlik baxımından biz onu üstələyərdik. Buna görə də əgər nəsə edəcəklərsə, erkən mərhələdə əlverişli mövqelər tutmağa çalışacaqlar ki, sonradan onları asan müdafiə edə bilsinlər", deyə norveçli podpolkovnik Amund Osflaten bildirib.

Rusiyanın Avropada müharibəsi ehtimalı

The Economist yazır ki, əgər Rusiya 2027-ci ildə NATO ölkələrindən birinə, məsələn Latviyaya hücum etsə və ABŞ müharibədə iştirakdan imtina etsə, Avropa yalnız qısamüddətli müharibədə Rusiyaya qarşı dayana bilər.

Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri hesab edirlər ki, Putin Aİ və NATO-ya hücum etməyəcəyinə söz versə də, ona inanmaq olmaz. Rusiya artıq dəfələrlə öz maraqları naminə beynəlxalq razılaşmaları görməzdən gəlməyə hazır olduğunu nümayiş etdirib.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr