AZ

KORKUT HHM sistemi “Tatra Force 6×6” platformasına inteqrasiya olunacaq

Çexiyanın CSG qrupuna daxil olan “Excalibur International” şirkəti ilə Türkiyənin ASELSAN şirkəti Avropa İttifaqında yerləşəcək birgə müəssisənin yaradılması və KORKUT hava hücumundan müdafiə (HHM) sisteminin “Tatra Force 6×6” təkərli platformasına inteqrasiyası məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıblar.

“Poliqon” CSG-yə istinadən xəbər verir ki, bu tərəfdaşlıq Avropa və qlobal bazarlar üçün birgə müdafiə imkanlarının genişləndirilməsini hədəfləyir.

Saziş təkcə Mərkəzi və Şərqi Avropada deyil, eyni zamanda qlobal miqyasda müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım hesab olunur. Yaradılacaq birgə müəssisə hava hücumundan müdafiə, elektron müharibə, ağıllı sursatlar və sərhəd mühafizəsi kimi əsas sahələrdə texniki əməkdaşlığa fokuslanacaq. Sistemlərin lokallaşdırılması çərçivəsində istehsalın Çexiya və Slovakiyada CSG-yə məxsus müəssisələrə köçürülməsi planlaşdırılır.

Bu tərəfdaşlığın ilk konkret nəticələrindən biri KORKUT HHM sisteminin “Tatra Force 6×6” təkərli platformasına inteqrasiyasıdır. Sistem Avropa müştəriləri və qlobal bazar üçün nəzərdə tutulub və analoji Avropa HHM sistemlərinə alternativ kimi təqdim olunur.

Müasir döyüş meydanında baş verən inkişaflar, xüsusilə pilotsuz uçuş aparatlarına qarşı yüksək mobil və effektiv müdafiə sistemlərinin artan əhəmiyyətini aydın şəkildə göstərdiyi üçün, KORKUT sisteminin etibarlı “Tatra” platformasına inteqrasiyasının qısa müddətdə müştərilərin diqqətini cəlb edəcəyi və beynəlxalq bazarda güclü mövqe qazanacağı gözlənilir.

Seçilən
92
poliqon.az

1Mənbələr