AZ

Azər Kərimli: “Azərbaycan müsəlman dünyası ilə Qərb arasında körpü rolunu gücləndirən siyasi xəttini ardıcıl davam etdirir”



“Prezident İlham Əliyevin fevralın 4-də Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində səsləndirdiyi fikirlər təkcə bir mükafatın qəbul olunması deyil, Azərbaycanın son illərdə formalaşdırdığı siyasi xəttin və beynəlxalq nüfuzunun parlaq ifadəsi kimi dəyərləndirilməlidir. Şeyx Zayedin adını daşıyan belə mötəbər bir mükafata layiq görülməyin böyük şərəf olduğunu vurğulayan dövlətimizin başçısı, əslində, Azərbaycan siyasətinin mərkəzində duran əsas dəyərləri – dialoq, qarşılıqlı hörmət və insan qardaşlığını beynəlxalq auditoriyaya bir daha xatırlatmış oldu. Bu çıxış Azərbaycanın qlobal siyasi diskursda yalnız regional aktor deyil, həm də dəyərlərə söykənən məsuliyyətli tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Dövlət başçısının Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini uğurla davam etdirməsini xüsusi qeyd etməsi, Azərbaycan–BƏƏ münasibətlərinin ideoloji və strateji yaxınlığını da ön plana çıxarır. Bu yanaşma göstərir ki, Bakı ilə Əbu-Dabi arasında əlaqələr yalnız iqtisadi və ya enerji sahələri ilə məhdudlaşmır, eyni zamanda müasir dövlətçilik, sosial inkişaf və beynəlxalq məsuliyyət anlayışları üzərində qurulub. Azərbaycanın bu cür platformalarda çıxış etməsi ölkəmizin müsəlman dünyası ilə Qərb arasında körpü rolunu gücləndirən siyasi xəttinin ardıcıl davamıdır.”

Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin çıxışının mühüm siyasi xəttlərindən biri də Azərbaycan və Ermənistan arasında sülh mövzusunun daha geniş regional kontekstdə təqdim olunmasıdır: “Cənab Prezidentin vurğuladığı kimi, bu sülh təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz və onu əhatə edən region üçün strateji əhəmiyyət daşıyır. Bu yanaşma Bakının sülh prosesinə dar milli maraqlar prizmasından deyil, regional sabitlik və əməkdaşlıq məntiqi ilə yanaşdığını nümayiş etdirir. Vaşinqton Zirvə Görüşündən sonrakı altı ayın tərəfdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş dövrü kimi xarakterizə edilməsi isə Azərbaycanın siyasi proseslərdə konstruktiv və təşəbbüskar mövqeyini bir daha təsdiqləyir. Eyni zamanda, ABŞ-ın sülh prosesində oynadığı rolun yüksək səviyyədə qeyd olunması, Prezident Donald Trampa açıq minnətdarlığın ifadə edilməsi Azərbaycanın qlobal güc mərkəzləri ilə balanslaşdırılmış və praqmatik siyasət yürütməsinin göstəricisidir. Azərbaycan tərəfinin Ermənistana yük daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırması və neft məhsullarının ixracına başlaması isə sülhün yalnız siyasi bəyanatlar deyil, real addımlar üzərində qurulduğunu göstərir. Bu addımlar regionda etimadın möhkəmləndirilməsi baxımından mühüm siyasi mesaj daşıyır. Beləliklə, Prezident İlham Əliyevin Əbu-Dabidəki çıxışı Azərbaycan dövlətinin beynəlxalq miqyasda sülhə, dialoqa və qarşılıqlı etimada əsaslanan siyasi xəttinin ardıcıl və prinsipial şəkildə davam etdiyini nümayiş etdirir. “Zayed İnsan Qardaşlığı Mükafatı” isə bu siyasətin beynəlxalq səviyyədə qəbul olunduğunun və yüksək qiymətləndirildiyinin rəmzinə çevrilir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.



Seçilən
105
1
aia.az

2Mənbələr