Bakı, 5 fevral, Günel Alıyeva, AZƏRTAC
Bu gün, fevralın 5-də Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar, akademik, tanınmış alim, pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 108-ci ildönümü qeyd olunur.
Bu münasibətlə AZƏRTAC dünyanın müxtəlif ölkələrindən olan musiqiçilər, mədəniyyət və incəsənət xadimləri ilə apardığı söhbətlər silsiləsini təqdim edir.
Türkiyəli bəstəkar, dirijor, skripkaçı Oğuzhan Balcı Qara Qarayevin yaradıcılığı barədə fikirlərini bölüşüb.
O qeyd edib: “Təbii olaraq, musiqi təhsilim klassik musiqinin müxtəlif dövrlərini əhatə edən əsərlərə əsaslanırdı. Məhz bu illərdə Qara Qarayevin yaradıcılığı ilə ilk dəfə qarşılaşdım. Lakin görkəmli bəstəkarın musiqisi ilə əsl əlaqəm 1994-cü ildə, professor Emin Sabitoğlu İstanbul Texniki Universitetinin Dövlət Türk Musiqisi Konservatoriyasının Bəstəkarlıq şöbəsində dərs deməyə başlayanda yarandı”.
Oğuzhan Balcının sözlərinə görə, təhsil aldığı müddətdə professor Emin Sabitoğlu onun müəllimi olub.
“Bunun sayəsində mən nəinki böyük türk bəstəkarlarının əsərləri ilə daha yaxından tanış olmaq, həm də görkəmli Azərbaycan ustadlarının əsərlərini kəşf etmək imkanı əldə etdim. Qara Qarayevin musiqisi ilə qarşılaşanda hiss etdim ki, bəstəkarlıq yolumda daha bir vacib dayaq tapmışam”, - deyə o əlavə edib.
Musiqiçi xatırladıb ki, bəstəkarlıq dərslərində Qarayevin adı daim xatırlanırdı. Pedaqoq şəxsi düşüncələrini bölüşərək öz müəllimi Qara Qarayevdən bir çox prinsip və ideyaları öyrəndiyini deyir, ondan sitat gətirərək tələbələrinə peşəkar biliklər verirdi.
“Zaman keçdikcə, Bax, Motsart, Bethoven, Çaykovski və bir çox digər böyük bəstəkarların əsərlərini öyrənərkən labüd olan cəhətlərlə qarşılaşırsınız: bu ustadlardan nələri öyrəndiyinizi anlamağa başlayırsınız və onların adları, yaratdıqları əsərlər sizin üçün yolgöstərən ulduza çevrilir. Beləliklə, Qara Qarayev mənim və bir çox həmyaşıdlarım üçün bir növ qütb ulduzuna çevrildi”, - deyə Oğuzhan Balcı vurğulayıb.
Müsahibimizin sözlərinə görə, buradan çıxarılan əsas dərs bəstəkarın təkcə milli musiqini bilməsi deyil, həm də musiqi tarixinin gedişatını formalaşdıranların əsərləri dərindən anlamasıdır. Musiqi dilini inkişaf etdirən insan özünü tək bir ənənənin hüdudları ilə məhdudlaşdırmamalı, dünya musiqi ədəbiyyatına töhfə verməyə çalışmalı, mənsub olduğu ölkənin musiqisini öz bədii ab-havası ilə birləşdirməli və yaradıcılığının bütün dünyada tanınmasına nail olmalıdır.
“Məhz bu səbəbdən Qara Qarayev mənim üçün böyük bir bəstəkardır. Təəssüf ki, onu heç vaxt şəxsən tanımaq imkanım olmayıb, amma tələbəsi ilə işlədiyim, əsərlərini öyrəndiyim və dərindən anladığım üçün onu “müəllimim” adlandıra bilərəm”, - deyə musiqiçi qeyd edib.
Türkiyəli bəstəkar əlavə edib ki, şəxsi bir detal onun üçün xüsusilə simvolikdir: “Konservatoriyadakı ofisimdə D. Şostakoviçin, Qara Qarayevin və Emin Sabitoğlunun fotoşəkilləri var”.
Sözlərinə yekun vuran Oğuzhan Balcı vurğulayıb ki, Qara Qarayev həmişə onun və tələbələrinin həyatında olacaq və unudulmaz əsərləri ilə qəlblərdə yaşamağa davam edəcək.