“Ağır cinayətlər törətmiş şəxslərin əməllərinin üzə çıxarılması və layiqli cəza alması ədalətin bərpası deməkdir. Sülh müqavilələri imzalansa, münasibətlər normallaşsa belə, bu cür cinayətlər cəzasız qalmamalıdır. Bütün dünya ictimaiyyəti də bu həqiqətləri bilməli və ədalətin təmin olunmasına dəstək verməlidir”.
Bunu Hafta.az-a tarixçi alim Qasım Hacıyev erməni hərbi cinayətkarların Azərbaycanda mühakimə edilərək cəzalandırılması fonunda uzn illər üləşdiyimiz erməni işğalı nəicəsində tarixi faktlara diqqət çəkərkən qeyd edib.
Q.Hacıyev bildirib ki, Azərbaycan xalqı və dövləti ötən əsrin sonlarından başlayan müharibələr nəticəsində çox ağır bəlalarla üzləşmiş, dəhşətli hadisələr, soyqırımlar yaşamışdır. Həmin dövr xalqımızın tarixi yaddaşında uzun müddət silinməyəcək izlər buraxıb:
“Dövlətimizin apardığı siyasət, beynəlxalq və daxili hüquq çərçivəsində görülən tədbirlər xalqımızın ruhunun yenidən dirçəlməsinə, gələcəyə daha inamla baxmasına xidmət edir. Hər bir cinayətkar qanun qarşısında cavab verməli və layiq olduğu cəzanı almalıdır. Son illərdə Azərbaycan xalqına düşmən kəsilmiş qonşu dövlət – Ermənistanın ölkəmizə qarşı apardığı ədalətsiz müharibə nəticəsində minlərlə günahsız insan həlak olmuş, şəhər və kəndlərimiz dağıdılmış, tarixi və mədəni abidələrimiz məhv edilmişdir. Bu vəhşilik və vandalizm təkcə Azərbaycan xalqına deyil, ümumilikdə bəşər tarixinə və insanlığa vurulmuş ağır zərbə kimi qiymətləndirilə bilər. Müharibənin vurduğu maddi ziyanı müəyyən qədər aradan qaldırmaq mümkündür – dağıdılmış şəhərləri, kəndləri, abidələri bərpa etmək olar. Lakin itirilmiş insan həyatlarını geri qaytarmaq mümkün deyil. Elə buna görə də müharibədən sonra xalqı düşündürən ən vacib məsələlərdən biri bu cinayətləri törədənlərin tapılması və ədalət qarşısında cavab verməsidir”.
Q.Hacıyev hesab edir ki, Azərbaycan dövlətinin və dövlət başçısının bu istiqamətdə gördüyü işlər xüsusi əhəmiyyət daşıyır:
"Xocalı, Ağdam və digər faciələr kimi insanlıq əleyhinə törədilmiş cinayətlərin günahkarlarının müəyyən edilərək cəzalandırılması xalqımızın ədalətə olan inamını gücləndirir. Torpaqlarımızın azad olunması necə ki, tariximizin ən böyük və şərəfli hadisələrindən biridir, həmin vəhşilikləri törədən cinayətkarların tutulması və mühakimə olunması da xalqımızın mənəvi rahatlığı və qüruru üçün olduqca vacibdir".
Tahirə Qafarlı