“Azərbaycan artıq elə bir siyasi-hüquqi mərhələ və hərbi gücdədir ki, hər hansı dövlətin və ya beynəlxalq qurumun diktəsi ölkənin daxili hüquqi proseslərinə təsir göstərə bilməz. Dövlətin cinayət yurisdiksiyası onun suveren hüququdur və bu hüquq beynəlxalq hüququn fundamental prinsiplərindən biri olan dövlət suverenliyindən irəli gəlir”.
Bunu Hafta.az-a hüquqşünas Vüqar Dadaşov son dövrlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı cinayətlər törətmiş, Azərbaycan xalqına qarşı soyqırımı, ekosid və müharibə cinayətləri həyata keçirmiş erməni əsilli şəxslərin mühakiməsi ilə bağlı xarici təzyiq cəhdləri və siyasi xarakterli bəyanatların fonunda ölkəmizin ədaləti təmin etməsi ilə bağlı şərhində qeyd edib.
V.Dadaşov hesab edir ki, hazırda Azərbaycanda keçirilən məhkəmə prosesi siyasi deyil, sırf hüquqi xarakter daşıyır. Burada söhbət etnik mənsubiyyətdən deyil, konkret cinayət əməllərindən və fərdi cinayət məsuliyyətindən gedir. Azərbaycan dövlətinə və xalqına qarşı soyqırımı, ekosid və müharibə cinayətləri törətmiş şəxslərin, o cümlədən rəhbər fiqurların mühakiməsi beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur:
“Beynəlxalq hüquqa əsasən soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri impreskriptivdir, yəni bu cinayətlər üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti tətbiq edilmir. Zaman keçməsi bu cinayətlərin hüquqi mahiyyətini dəyişmir və törədilmiş əməllər hüquqi məsuliyyəti aradan qaldırmır. Azərbaycanda aparılan məhkəmə prosesinin hüquqi legitimliyi də məhz bu prinsiplərə əsaslanır.
Tarix də göstərir ki, bu praktika beynəlxalq hüquq sistemində dəfələrlə tətbiq olunub. İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasının rəhbər şəxslərinin mühakiməsi, eləcə də sonrakı onilliklərdə Almaniyanın törədilmiş cinayətlərə görə maddi və mənəvi kompensasiyalar ödəməsi beynəlxalq ədalət prinsipinin real təzahürüdür. Keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunalın fəaliyyəti də müharibə cinayətlərinə görə fərdi məsuliyyət prinsipinin tətbiqinin daha müasir nümunəsidir.
Bu baxımdan, Azərbaycanda erməni əsilli şəxslərə qarşı aparılan məhkəmə prosesi nə siyasi kampaniyadır, nə də etnik zəmində həyata keçirilən addımdır. Bu, konkret cinayətlərə görə fərdi məsuliyyət prinsipinə əsaslanan, beynəlxalq hüquqa uyğun, legitim və zəruri hüquqi prosedurdur”- V.Dadaşov bildirib.
Ekspert qeyd edib ki, müharibə cinayətləri ilə bağlı aparılan məhkəmə prosesləri yalnız cəzalandırma mexanizmi deyil. Bu proseslər həm də beynəlxalq hüququn preventiv funksiyasını yerinə yetirir, yəni gələcəkdə insanlığa qarşı törədilə biləcək oxşar cinayətlərin qarşısının alınmasına xidmət edir. Cəzasızlıq mühiti yeni cinayətlər üçün stimul yaradır, hüquqi məsuliyyət isə beynəlxalq təhlükəsizlik və ədalət sisteminin əsas dayaqlarından biridir:
“Erməni əsilli şəxslərin mühakiməsi Azərbaycan xalqı üçün həm də ədalətin bərpası məsələsidir. Çünki söhbət Azərbaycan ərazisində törədilmiş ağır beynəlxalq cinayətlərdən - soyqırımı, müharibə cinayətləri və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasından gedir. Bu əməllər təkcə Azərbaycanın deyil, bütövlükdə beynəlxalq hüquq nizamının pozulması deməkdir.
Digər tərəfdən, bu prosesin hüquqi mahiyyəti Ermənistanın öz rəsmi mövqeyi ilə də təsdiqlənir. Ermənistan artıq rəsmi səviyyədə etiraf edib ki, Azərbaycan ərazisində fəaliyyət göstərən silahlı birləşmələr “Dağlıq Qarabağ” adlandırılan qondarma rejimə deyil, birbaşa Ermənistan Respublikasının silahlı qüvvələrinə məxsus olub və işğalçı müharibə aparıb. Bu etiraf beynəlxalq hüquqi məsuliyyət məsələsini daha da konkretləşdirir və dövlət məsuliyyəti ilə fərdi cinayət məsuliyyəti arasındakı hüquqi əlaqəni açıq şəkildə ortaya qoyur. Belə olan halda, Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmə instansiyalarında irəli sürə biləcəyi iddialar fonunda, ağır beynəlxalq cinayətlərdə ittiham olunan şəxslərin azad edilməsi tələbi hüquqi baxımdan əsassızdır. Bu cür çağırışlar ədalət mühakiməsinə siyasi müdaxilə cəhdi kimi qiymətləndirilə bilər və beynəlxalq hüququn cəzasızlığa qarşı mübarizə prinsipinə ziddir.
Nəticə etibarilə, aparılan məhkəmə prosesləri qisas deyil, hüquqdur; təzyiq vasitəsi deyil, ədalətin bərpasıdır; siyasi kampaniya deyil, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan legitim məhkəmə mexanizmidir”- deputat deyib.
V.Dadaşov vurğulayıb ki, beynəlxalq hüquq anlayışı iki dünya müharibəsindən sonra qlobal güclərin istəyinə uyğun formalaşdırılmış və traxtofka müxtəlifliyi ilə seçilib, maraqlara uyğun da tətbiq edilib:
“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının an beş daimi üzvünə dünyanın taleyinin buraxılması və veto hüququ əslində elə ədalətsizlik anlayışının və hüququn bərabərlik prinsipinin əsaslı şəkildə pozulması sübutudur. Həmçinin, BMT TŞ-nın -nin Pakistan-Kəşmir, Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı Qətnamələrin yarım əsrdən, 30 ildən çox icra edilməməsi də Qlobal güclərin siyasi maraqlı ilə beynəlxalq hüququn nümayişkərcasına tapdalanmasına danılmaz sübutudur. İndi isə Azərbaycanı ona qarşı soyqırımı, müharibə cinayətləri törətmiş, suverenlik, ərazi bütövlüyünə qarşı açıq müharibə, işğal həyata keçirən qondarma qurumun rəhbərlərinə qarşı cinayət mühakiməsinə etməsini insan hüquqları və sair formal ifadələrlə ittiham etmək, günahlandırmaq ən azı hüquqdan sui istifadə, siyasi riyakarlıqdır. Hərçənd ki, beynəlxalq təşkilatların, siyasi liderlərin Azərbaycandan istəkləri xahiş çərçivəsindədir”- ekspert deyib.
Tahirə Qafarlı