Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Bizim sənətimizlə bağlı zaman-zaman bəzi fikirlərimi yazıram. Yazıram ki, ən azı, yaddaşda, necə deyərlər, arxivdə qalsın.
Niyə biz "kütləvi informasiya vasitələri" ifadəsindən imtina etdik. Dünya bu cür adlandırmır. Artıq media var. Azərbaycanda da qanun "Kütləvi informasiya vasitələri haqqında" deyil, "Media haqqında" adlanır.
Artıq hər informasiya hər kəsə ünvanlanmır. Hərəyə "öz" informasiyası servis edilir. Kimin nəyə marağı varsa, kim hansı kontentə ehtiyac duyursa, onu da alır. Daha doğrusu, almır, qəbul etməli olur. Artıq biz informasiyanı seçmirik, informasiya bizi seçir. Üstəlik informasiya axını qar topası kimi axır; hərəkətdə böyüyür, akselerasiya nümunəsidir.
Son on ildə - 2015-2025-ci illərdə dünyada informasiya axını 15,5 zettabytdan 181 zettabyta çatıb.
Bu, təqribən 12 dəfə artım deməkdir.
Məlumat üçün: 1 zettabyt 1 trilyon gegabyt deməkdir. Bunlara bütün dünyadakı verbal və vizual kontentlər, Aİ əsaslı kontent, sosial media paylaşımları, mesajlar və sair daxildir. Buna eksponensial artım deyirlər.
Jurnalistika artıq alışdığımız daxili keyfiyyət ölçülərindən çıxıb; medianı artıq yalnız talant deyil, daha çox elm idarə edir. TALANTA ARXALANAN ELM VƏ YA ELMİN TALANTI (ELM FƏRDDƏKİ TALANTI TAPIR, YAXUD TALANT MÜHƏNDİSLİYİ YARADIR). JURNALİSTİKA ARTIQ SADƏCƏ TALANTIN DEYİL, HƏM DƏ VƏ DAHA ÇOX ELMİN SƏNƏTİDİR.
Bu üzdən jurnalistikanı artıq YÜKSƏK KONTENT MÜHƏNDİSLİYİ kimi görürəm.
Bir zaman mikrobiologiya, biotexnologiya, gen mühəndisliyi yarananda, bu, elmdə yeni mərhələ oldu. Kvant fizikası, qeyri-səlis məntiq yarandı. İndi bu, gəlib mediaya sirayət edib. Mediada atomlaşma gedir.
Media əvvəllər məlum üçbucaqdan ibarət idi: qəzet-radio-televiziya. Sonra bura elektron media əlavə olundu. Atdınca rəqəmsal media gəldi. İndi isə Aİ əsaslı mediadan - artıq dediyim kimi, kütləyə deyil, hətta qruplara deyil, fərdlərə, kütləvi şüura deyil, fərdi şüura ünvanlanmış media yaranıb.
Burda biz nə edə bilərik?
Yeni tələblərə uyğun media məhsullarını istehsal etməli olacağıq. İnformasiya fəzasını yeni tip məlumatlarla, kontentlə zənginləşdirməli olacağıq. O zaman süni intellekt, qlobal informasiya axrarışı maşınları, bilgi semantika alətləri bizim təqdim etdiyimiz kontenti təqdim edəcək.
Bu axın qarşısında yalnız yüksək elmləşdirilmiş şüurla dayanmaq olar.
YENİ MEDİA ARTIQ HƏM KLASSİK JURNALİSTİKA JANRLARININ ELEMENTLƏRİNİ ÖZÜNDƏ CƏMLƏŞDİRİR, HƏM DƏ İNNNOVATİV HƏLLƏR TƏQDİM EDİR.
YÜKSƏK KONTENT MÜHƏNDİSLİYİ NƏİNKİ FOTOQRAFİYANI, VİDEOQRAFİYANI, HƏMÇİNİN KİNOMETAQRAFİYANI, TEATRAL REJUSSURANI, MUSİQİ, ANİMASİYA, AVATAR YARADICILIĞINI, SƏSLİ KONTENTİ, VOKAL ELEMENTLƏRİNİ ÖZÜNDƏ BİRLƏŞDİRİB. İDARƏÇİ İSƏ TALANTI İMİTASİYA EDƏN ALQORİTMLƏR TOPLİSUDUR. YƏNİ ELM!
Gördüyünüz kimi, informasiyanın yeni növləri yaranıb, janrların sərhədləri isə ya itib, ya da çox şəffaflaşıb.
Hazırkı dövrün fenomenal yeniliklərinə baxaq: rəqəmsal media, real vaxt rejimində kontent istehdalı, multimedia informasiyası, bulud informasiyası, süni intellekt əsaslı media, vizual kontent əsaslı media var.
Bütün bunları təhlil edəndə jurnalistika sənəti ciddi metamorfozaya uğrayıb. Bu, artıq öyrəşdiyimiz ənənəvi jurnalistika deyil, mən buna "yüksək kontent mühəndisliyi" demişəm. "Orjinal kontent mühəndisliyi" də demək olardı. Sadəcə, kontent apriori orjinal olmalıdır. Kontentdirsə, orjinaldır.
Bu yerdə bir fikri də bölüşüm. Məhkəmə hakimlərinə dövlət çox yüksək status verib. Məhkəmələrin müstəqilliyinə də, medianın müstəqilliyinə də Konstitusiya təminat verib. Ancaq məlumdur ki, reallıqda hakimlərin statusu və təminatı üstündür. Halbuki jurnalistlər (yüksək kontent mühəndisləri) də özlüyündə hakimdir. Hakim məhkəmədə hökm verərkən, qanunlarla yanaşı hüquq düşüncəsinə uyğun qərar qəbul edir. Jurnalist də cəmiyyətin rəyini formalaşdırarkən öz fərdi həqiqət duyğusuna - fakta münasibıtinə görə qərar verir. Ancaq jurnalistin real statusu heç də onun üzərinə götürdüyü missiyaya, daşıdığı məsuliyyətə adekvat deyil.
Bunlar, əlbəttə, mənim subyektiv düşüncələrimdir; yanlış ola bilər. Müzakirəyə, təhlilə, tənqidə açıqdır. Ancaq möhkəm inandığım bir həqiqət var: medianın, jurnalistin cəmiyyətdəki yerini dəqiq təsbit etmək lazımdır. Bu status cəmiyyətin və dövlətin mediadan gözləntilərinə uyğunlaşdıqca, bu önəmli ictimai institutun daha effektiv olacaqğına inanıram.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.