AZ

“Küçədə yaşamaq onların taleyidir”... Soyuq hamını sınağa çəkir, sahibsiz heyvanları isə öldürür

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Havalar kəskin soyuyub. Çöldə şaxta və sərt külək insanı sözün əsl mənasında buz baltası kimi kəsir. Qalın geyim, isti ev, isti çay belə bəzən bizi bu soyuqdan tam qoruya bilmir. Belə havalarda isə çox vaxt gözümüzdən qaçan, ya da bilərəkdən görməməzliyə vurduğumuz bir həqiqət var. Sahibsiz heyvanların aqibəti.

Cəmiyyətdə tez-tez belə fikirlər səslənir: “Heyvandır, öyrəşib”, “küçədə yaşamaq onların taleyidir”, “tükləri var, soyuqdan qoruyur”. Bu cümlələr insanın vicdanını sakitləşdirmək üçün deyilmiş kimi səslənsə də, reallıqla üst-üstə düşmür. Bəli, heyvanların tükləri var, amma bu, onları şaxtalı hava şəraitindən tam qoruyan sehrli qalxan deyil.

Küçə itləri və pişikləri də soyuğu hiss edir, üşüyür, xəstələnir və donaraq ölür. Xüsusilə, gecələr temperaturun sıfırdan xeyli aşağı düşdüyü vaxtlarda asfaltın, torpağın buz kimi olması onların bədənini birbaşa soyuğa məruz qoyur. Sığınacaq tapa bilməyən, qidalanmayan heyvan üçün soyuq hava ölüm hökmünə çevrilə bilər.

Ən böyük problem isə aclıqla soyuğun birləşməsidir. Orqanizmi zəif olan heyvan şaxtaya daha tez təslim olur. Qida tapa bilməyən sahibsiz heyvanın bədəni istilik yaratmaq üçün kifayət qədər enerji toplaya bilmir. Bu isə xəstəliklərin yayılmasına, donmalara və kütləvi tələfatlara yol açır.

Digər acı reallıq odur ki, sahibsiz heyvanların çoxu insanlara yaxın ərazilərdə binaların zirzəmilərində, dayanacaqlarda, avtomobillərin altında sığınacaq axtarır. Amma çox vaxt bu yerlər ya qapadılır, ya da insanlar tərəfindən təhlükə mənbəyi kimi qəbul edilərək dağıdılır. Nəticədə heyvanlar soyuqla təkbətək qalır.

Bu mövzuda məsuliyyət yalnız heyvansevərlərin və ya könüllülərin üzərində olmamalıdır. Bu, cəmiyyətin və yerli qurumların ortaq problemidir. Müvəqqəti sığınacaqların yaradılması, zirzəmilərin tam bağlanmaması, küçələrdə su və yem qablarının qoyulması belə sadə, amma həyati əhəmiyyətli addımlardır.

Bəzən bir karton qutu, köhnə parça, bir qab yem bir canın yaşaması üçün kifayət edir. Bizim üçün kiçik görünən bu addımlar sahibsiz heyvanlar üçün həyatla ölüm arasındakı fərq ola bilər.

Şaxta hamını üşüdür. Küçədə yaşayan heyvanlar da bu soyuğa “öyrəşmir”, sadəcə dözməyə məcbur qalırlar. Onların taleyi laqeydlik yox, mərhəmət üzərində qurulmalıdır.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
bizimyol.info

1Mənbələr