AZ

Bakı separatçıları ömürlük məhkum etdi – Makron “ağlayır”, bəs Paşinyan…?

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının iştirakı ilə davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Prokurorluq tərəfindən onlara ömürlük həbs cəzası istənildiyi bildirilir. Bu qərarın Azərbaycan–Ermənistan danışıqlarına mümkün təsiri və beynəlxalq ictimaiyyətin mövqeyi müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Bakıda mühakimə olunan şəxslər erməni olduqlarına görə deyil, törətdikləri ağır cinayətlərə görə məhkəmə qarşısına çıxarılıblar. Onun sözlərinə görə, separatçı və terrorçu fəaliyyətlə məşğul olmuş bu şəxslərin cəzalandırılması tarixi ədalətin bərpasıdır:

“Bu adamlar Azərbaycan ərazisində çoxsaylı bəşəri cinayətlər törədiblər. Ermənistan vətəndaşı olduqları halda qanunsuz şəkildə ölkə ərazisinə daxil olaraq yerli əhaliyə qarşı qəddar hərbi cinayətlər həyata keçiriblər, azərbaycanlıların deportasiyasını reallaşdırıblar. Bu məhkəmə prosesi tarixi ədalətin bərqərar olması deməkdir.”

Politoloq vurğulayıb ki, Azərbaycan məhkəməsi ölkə ərazisində törədilən cinayətlərə görə hökm çıxarıb və bu, tamamilə dövlətin daxili işi hesab olunur:

“Azərbaycan qanunları çərçivəsində çıxarılmış bu hökmə heç kimin etiraz etmək haqqı yoxdur. Beynəlxalq ictimaiyyətin və ya hansısa qurumun Azərbaycanın daxili işlərinə müdaxilə etməsi yolverilməzdir.”

Elçin Xalidbəyli əlavə edib ki, bu məhkəmə qərarının Ermənistanla aparılan danışıqlara mənfi təsir göstərməsi mümkün deyil:

“Azərbaycan ərazisində cinayət törədilibsə, bu mütləq cəzalandırılmalıdır və cəzalandırılıb da. Bu, iki ölkə arasındakı münasibətlərə təsir göstərə biləcək məsələ deyil.”

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində keçirilən proseslərdə ağır hərbi və insanlıq əleyhinə cinayətlərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması Azərbaycanın hüquqi mövqeyinin bir daha ortaya qoyulması kimi qiymətləndirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
22
konkret.az

1Mənbələr