AZ

Mark-Andre ter Ştegen əməliyyat olunacaq – ARENA.AZ

İspaniyanın “Jirona” klubunda icarədə olan “Barselona”nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegen əməliyyat olunacaq.

Arena.az xəbər verir ki, 33 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, yanvarın 31-də İspaniya çempionatının 22-ci turu çərçivəsində “Real Ovyedo”ya qarşı keçirdikləri matçda (0:1) sol bud nahiyəsindən zədələnib. Ştegenin yaşıl meydanlara dəqiq qayıdış vaxtı əməliyyatdan sonra bəlli olacaq.

İcarə əsasında “Jirona”nın formasını geyinən oyunçunun məhz bu zədəyə görə müqaviləsinin ləğv edilməsi və “Barselona”ya qayıtması da gözlənilir.

Xatırladaq ki, Ter Ştegen yanvarın 21-də icarə müqaviləsi əsasında “Jirona”ya keçmişdi. O, bu komandanın heyətində cəmi 2 oyuna çıxıb.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının məzunudur. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyul ayında 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ter Ştegen cari mövsümdə “blauqrana” üçün cəmi 1 oyun keçirib. Alman qapıçının “Barselona”dakı çıxışının ümumi mənzərəsi 423 oyun, 416 buraxılmış qol və 176 “quru” oyundan ibarətdir.

Ter Ştegen “Barselona” ilə 6 dəfə İspaniya La Liqasının, 6 dəfə İspaniya Kral Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Mark-Andre Ter Ştegen 2012-ci ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 44 oyuna 54 qol buraxıb, 13 “quru” oyun keçirib. Qapıçı Almaniya yığması ilə 2017-ci Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı alman qapıçının transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
28
13
arena.az

10Mənbələr