Səudiyyə Ərəbistanı Pro Liqası Kriştianu Ronaldonun etirazı ilə bağlı rəsmi açıqlama yayıb.

Offsideplus.az xəbər verir ki, açıqlamada liqanın əsas prinsipinin klubların müstəqil fəaliyyəti olduğu vurğulanıb.

Bildirilib ki, bütün klublar eyni qaydalar çərçivəsində fəaliyyət göstərir, hər birinin öz idarə heyəti, icraçı rəhbərliyi və futbol strukturu var. Transferlər, maliyyə xərcləri və strategiyalar klubların öz qərarları əsasında, maliyyə dayanıqlığını və rəqabət balansını qoruyan ümumi çərçivə daxilində həyata keçirilir.

Açıqlamada Kriştianu Ronaldonun “Əl-Nəsr” klubuna qoşulduğu gündən etibarən komandanın inkişafında və ambisiyalarında mühüm rol oynadığı qeyd olunub. Bununla yanaşı vurğulanıb ki, heç bir futbolçu – nə qədər böyük ad olsa belə – öz klubundan kənar qərarlara təsir göstərə bilməz.

Pro Liqa son transferlərin də klubların müstəqil qərarlarının nəticəsi olduğunu bildirib. Qeyd olunub ki, bəzi klublar heyətini bir istiqamətdə gücləndirib, digərləri isə fərqli yol seçib və bu qərarlar təsdiqlənmiş maliyyə çərçivəsində qəbul edilib.

Sonda liqa turnir cədvəlində ilk dörd pillə arasında cəmi bir neçə xal fərqinin qalmasının yüksək rəqabətin göstəricisi olduğunu vurğulayıb və əsas diqqətin meydandakı futbola yönəldiyini bildirib.