AZ

Separatçılara Bakıda kəsilən cəzalar sülh prosesinə necə təsir edəcək? Politoloqun AÇIQLAMASI

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son iki gün ərzində Azərbaycan–Ermənistan münasibətləri kontekstində paralel şəkildə baş verən iki mühüm hadisə diqqət çəkdi. Bir tərəfdən Bakı və İrəvan arasında növbəti geniş tərkibli yüksək səviyyəli görüş keçirildi və sülh prosesinin dərinləşdirilməsi ilə bağlı razılaşmalar əldə olundu. Digər tərəfdən isə keçmiş separatçı rejimin rəhbərliyinə və hərbi cinayətlərdə ittiham olunan şəxslərə məhkəmə hökmü oxundu.

Politoloq Fərhad Məmmədov hesab edir ki, bu iki proses arasında ziddiyyət axtarmaq yanlış yanaşmadır. Onun fikrincə, məhkəmə qərarları sülh gündəliyinə zidd deyil, əksinə, formalaşan yeni reallığın tərkib hissəsidir.

Ekspert xatırladır ki, Azərbaycan–Ermənistan münaqişəsi 44 günlük Vətən müharibəsi ilə tam yekunlaşmayıb. Müharibədən sonrakı üç il ərzində davam edən silahlı müqavimət, insan itkiləri və mürəkkəb geosiyasi proseslər fonunda konflikt mərhələli şəkildə sona çatdırılıb.

Fərhad Məmmədov vurğulayır ki, münaqişənin bitməsi nə tövbə, nə də Ermənistan tərəfinin açıq şəkildə günahını etiraf etməsi ilə müşayiət olunub. Onun sözlərinə görə, beynəlxalq hüquqi institutlar bütün bu dövr ərzində münaqişəyə faktiki olaraq biganə qalıb, müraciətlər zamanı isə işğal faktını açıq şəkildə tanımaqdan yayınaraq, prosesi yalnız 1996-cı ilə qədər olan dövrlə məhdudlaşdırıblar.

Politoloq qeyd edir ki, yaranmış vəziyyətdə Azərbaycan ədaləti özü bərpa etməyə məcbur olub: həm hərbi-siyasi müstəvidə, həm diplomatik səviyyədə, həm də hüquqi çərçivədə.

"Azərbaycan cəmiyyətində separatçı rejimin rəhbərləri və hərbi cinayətlərə görə məhkum olunan şəxslərlə bağlı tam konsensus mövcuddur. Bu baxımdan, istənilən xarici aktorun onların azadlığa buraxılması ilə bağlı təşəbbüsü cəmiyyət tərəfindən qəti şəkildə rədd ediləcək", - F.Məmmədov əlavə edir.

Ekspertin sözlərinə görə, Azərbaycan rəhbərliyi sülh prosesinin əsas təşəbbüskarıdır və bu istiqamətdə ardıcıl addımlar atılır. İmzalanan sənədlər, verilən bəyanatlar və praktiki addımlar onu göstərir ki, tərəflər mövcud reallığın hüquqi-siyasi cəhətdən təsbitinə doğru irəliləyir.

“Əlbəttə, tərəflərin heç biri mövcud vəziyyətdən tam razı deyil. Amma eyni zamanda anlayış var ki, müəyyən nöqtədə dayanmaq, reallığı qəbul etmək və sülhə şans vermək lazımdır”, – deyə Fərhad Məmmədov vurğulayıb.

Onun qənaətincə, hərbi cinayətlərə görə verilən məhkəmə hökmləri də məhz bu reallığın bir hissəsidir və istənilən sülh modelində bu fakt dəyişməz olaraq qalacaq.

Rasim

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
azpolitika.info

1Mənbələr