AZ

Agentlik: Texniki normativ hüquqi aktlar beynəlxalq standartlara uyğun hazırlanır

Bakı, 6 fevral, AZƏRTAC

Qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, o cümlədən qida və yem məhsullarında qalıqların maksimum miqdarına, məhsulların tərkibində istifadəsinə yol verilən maddələrə və onların müəyyən edilmiş hədlərinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktlarla müəyyən edilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, "Qida təhlükəsizliyi haqqında" Qanunun 9-cu maddəsinə əsasən, normativ hüquqi aktlar elmi sübutlar və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının birgə təsis etdiyi Kodeks Alimentarius Komissiyası tərəfindən qəbul edilmiş beynəlxalq standartlar, təlimatlar və tövsiyələr əsasında hazırlanır.

Qanunun tələblərinə uyğun olaraq bugünədək onlarla sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalar qəbul edilərək Hüquqi Aktların Dövlət Reyestrinə (e-qanun.az) daxil edilib. Həmin proses qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, qida təhlükəsizliyi ilə bağlı milli normativ hüquqi bazanın yaradılmasına töhfəsini verib.

Seçilən
26
3
azertag.az

4Mənbələr