AZ

Mənə  həyat  qapısını  açan  insan- YUNUSOĞUZ yazır

YUNUS  OĞUZ

Mənə  elə  gəlir  ki, onu  doğulandan  tanıyıram. Həmişə  gülərüzlü,əsəblərini  cilovlayan,dərdlərini  heç  kimə   bildirməyən Qadın-Ana! Səbri  daş deşir. Gör  neçə  illərdi səbrilə  daş  deşir. Tanışlığımız  45  il   əvvələ  dayanır. O zaman  Əli  Bayramlı (indiki Şirvan) şəhərində   yaşayırdı və  şəhər  kommunist  partiyasında  üçüncü  katib  kimi  çalışırdı. Əslində  onun  haqqında  " Həyətdən  həyata" xatirələr kitabımda  yazmağı  nəzərdə  tutmuşdum. Amma  iş    elə   gətirdi  ki, indi  yazmalı  oldum. 

Söhbət  səksəninci  illərin  əvvəllərindən  gedir. Əsgərlikdən  sonra  şəhər  pambıqtəmizləmə  zavodunda aktiv  ictimai  fəaliyyətimə   görə  komsomol  katibi  seçildim. Və  buradan  coşub-daşan  enerjim  şəhər  müstəvisinə   keçdi. Bax  o   zaman  tədbirlərin  birində  lap  yaxından  tanış  olduq.Səmimi, təvazökar. Bir-birimizə  bacı-qardaş  kimi  alışdıq.Əvvəlcədən  deyim  ki, o  zaman  ata-anam  bir  neçə  ildi  ki, rəhmətə  getmişdi  və   anlayırdım  ki,yalnız  öz  gücümə, öz  biliyimə  güvənib  ayaq  üstə   dura  bilərəm. Sənədlərimi  Bakı  Dövlət  Universitetinə  versəm  də,  lazımi bal  toplasam  da, tələbə  biletinə əlim  çatmırdı.  Baxmayaraq  dörd  üç ( daha  yüksək  bal  toplayırdım) alsaydım  belə  qəbul  olunmalı  idim.Çünki  hərbi  xidmətdə  olanlara və  peşə  məktəbini  bitirənlərə  güzəştlər  tətbiq  olunurdu. Nə  olsun, yetimə  kim  yaxın  duracaqdı?

Bax  o  zaman  mənə  bacı  və  ana  kimi  Sədaqət  Qəhrəmanova  həyan    oldu. Qəbul  oluna  bilməsəm  də, enerjim, ictimai  fəaliyyətim bitib  tükənmək  bilmirdi. On beş yaşından yerli "İşıq" qəzetində şeirlərim, məqalələrim, reportajlarım (futbol haqqında) dərc olunurdu. Eyni zamanda getdikcə şəhərdə gənclər tədbirlərinin aparılması mənə həvalə olunurdu; həm ştatdankənar müxbir kimi, həm şair, həm də ictimai fəal kimi.
1983-cü ildə 9 may ilə əlaqədar şəhər partiya və komsomol fəalları ilə birgə tədbir keçirilirdi. Sədaqət xanım da bu tədbirdə iştirak edirdi. Mənim "Ana" şeirim onun çox xoşuna gəlmişdi. Yanaşı durmuşduq. Ordan-burdan suallar verirdi. Arada gülümsəyib deyirdi ki, bu erudisiya və biliklə nə əcəb təhsilini davam etdirmisən? Mən də olub bitəni danışırdım, hiss edirdim ki, ürəyindən qara qanlar axır. Gözəl anlayırdı ki, ömür belə başa çata bilməz. Nə zamansa bütün bunların hamısı sona yetəcək. Bəs sonra, belə gənclər düşəcəklər həyatın dibinə. Amma heç nə demədi. 
Həmin ilin iyul ayında sənədlərimi yenə verdim ADU-ya. O zaman sənədlər iyul ayında ali məktəbə verilirdi. Avqust ayında isə abituriyentlərdən dörd imtahan götürülürdü.Daha indiki kimi ilboyu imtahan vermirdin. Həmin ayın  iyirmi səkkizi idi. Özüm də bərk xəstələnmişdim. İşə getməmişdim. Birdən telefon zəng çaldı. Bacım dedi ki, səni komsomoldan çağırırlar. Birtəhər özümü telefona çatdırdım. Şəhər komsomol təşkilat şöbəsinin müdiri idi. Dedi ki,bəs, tez dur gəl Sədaqət müəllimə səni  görmək  istəyir. Daha  xəstə  olduğumu  demədim.Tibb bacısı  işləyən qonşumuz Pakizə xalanı  çağırdım.Hərarətimin  düşməsi  üçün  bir  iynə  vurdu. O  zaman  indiki  kimi  deyildi. Bir  şpris  vardı, gərək  onu  xüsusi  qabda  yarım  saat  qaynadaydın. Nə isə iynə   vuruldu,bir  azdan  hərarətim  düşdü.Özümü  səliqəyə  salıb  getdim  bizim  evdən  çox  da  uzaq  olmayan "raykoma".Sədaqət   xanım  məni dərhal  qəbul  etdi. Görəndə  gülümsədi:

-Hə, Əliyev,(o zaman  soyadım  Əliyev  idi) oxumağa  gedirsən?

Dərhal  cavab  verdim:

-Sənədlərimi  artıq   vermişəm.

Yenə  gülümsədi:

-Yox mən  o  oxumağı   demirəm. Sovet İttifaqı Mərkəzi Komitəsi  "Gənclər arasında ideoloji işlərin gücləndirilməsi haqqında" qərar verib. (O zaman Sov.İKP-nin baş katibi Yuri Vladimiroviç Andropov idi. L. İ. Brejnevin vaxtında KQB-nin sədri vəzifəsində işləyirdi). Əli Bayramlı şəhərinə üç yer ayrılıb. Şəhər Kommunist Partiyasının siyasi bürosunda üç namizəd təsdiqləndi. Onlardan biri də sənsən. Get hazırlaş, ADU-da  sənədlərini götürüb bu istiqamətdə verərsən.
Təşəkkür etdim. 
Aşağı düşdüm, komsomol təşkilat şöbəsinin müdirinin otağına girdim. Salam-kəlamdan sonra olan hadisəni danışdı. Dedi ki, Sədaqət müəllimə qəti şəkildə "bu üç nəfərdən biri mütləq sən olmalısan" deyib.Deyib  ki, nədi  hərə öz bacı-qardaşını bu  üç  nəfərin  içinə  dürtmələyəcək?  Yetim-yesirin heç kimi olmadığı üçün kənarda qalmalıdır?  Nə isə, xoş-zor mənim namizədliyimi qəbul etdirib. 
Amma, özü təvazökarlıq göstərib, Sədaqət müəllimə heç nə demədi. Raykomdan lazım olan sənədlərimi götürüb, getdim imtahan verməyə. O hadisədən illər keçib. İndi təkcə Azərbaycanda deyil, dünyada tanınıram. Yetmişə yaxın kitabım iyirmi iki ölkədə çap edilib. Amma bunların heç biri olmaya da bilərdi. Məni həyata atan, ilk təkan verən məhz Sədaqət müəllimə oldu.
Arada görüşəndə deyir: "Yunis (Yunus), sənin namizədliyini dəstəkləməkdə heç də yanılmadım. Sən fəxr ediləsisən".
Arada görüşürük, zəngləşirik. Zaman hər ikimizin də əlini başımıza sığal çəkib. Sədaqət müəllimə müxtəlif  məsul  vəzifələrdə çalışdı. Uzun müddət şəhər icra hakimi işlədi, ancaq bu müddətdə onunla görüşə getsəm də, heç zaman nə özüm üçün, nə qardaş-bacılarım üçün, nə də qohumlarım üçün bircə xahiş də etmədim. Çünki bu xahişlər onun mənə etdiyinin  yanında çox balaca idi. O, mənim üçün həyat qapısını açmışdı.
Sağ ol, Böyük İnsan!
4.02.26

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr