Bilindiyi kimi, “Qarabağ” oyunun təxirə salınması üçün “Neftçi”yə müraciət etsə də, “yox” cavabı aldı. İş ondadı ki, “köhlən atlar” bu istiqamətdə israrlıdı. Bir neçə saat əvvəl Azərbaycan Televiziyasına açıqlama verən klub prezidenti Tahir Gözəl də qarşı tərəflə danışıqların davam etdiyini bildirdi.
Bir qədər əvvəl isə matçın artıq təxirə salındığı haqda xəbərlər yayıldı. Lakin diqqəti çəkən başqa iddia da var. “Neftçi Fan Page” “feysbuk” sahifəsinin yaydığı məlumata inansaq, “Qarabağ” matçın təxirə salınması üçün ölkə rəhbərliyinə müraciət edib!
“Football-plus.az” sizi həmin paylaşımla tanış edir:
“Neftçi”nin fevralın 21-də “Qarabağ”la oyunun təxirə salınmasına icazə verməməsindən sonra qarşı tərəf ölkə rəhbərliyinə müraciət edib. Hazırda bu məsələ ilə bağlı beynəlxalq səviyyədə də bütün təşkilatlara müraciətlər davam edir. Hələ ki “Neftçi” oyunun təxirə salınmasına razı olmadığını bildirib. Bu qarşılaşmanın təxirə salınması klubumuzun planlarına daxil deyil. Bu sözlər qarşı tərəfə heç bir başqa səbəb, bahanə gətirilmədən deyilib”.
KƏNAN BAHADIR