Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakının Sabunçu rayonunda 1981-ci il təvəllüdlü Əsəd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ləmana (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunda cütlüyün birgə yaşadıqları evin qonaq otağında baş verib. Əsəd ailə münaqişəsi zəminində aralarında baş vermiş mübahisə zamanı arvadı Ləmanı bir dəfə şillə ilə sifətindən vurub və onu döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ləman ilə 2007-ci ildə rəsmi ailə qurub: “Bu evlilikdən 2 oğlan övladımız dünyaya gəlib. Ailə qurduqdan sonra hər bir ailədə olduğu kimi bizim də mübahisələrimiz olub. Bir neçə il əvvəl aramızda baş vermiş mübahisə zamanı Ləmanı döydüyüm üçün iş məhkəməyə göndərildi və məhkəmədə barışdığımız üçün iş bağlandı”.Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə günü yaşadıqları evə gəlib və Ləmandan ona yemək verməsini istəyib: “Ləman isə kobud şəkildə özümə yemək çəkməyimi dedi. Mən çox əsəbləşdim və buna görə aramızda sözlə mübahisə baş verdi. Ləman məni nalayiq söyüşlərlə söyüb, təhqir etdiyi üçün əsəbləşdim, səsini kəsməsi üçün bir dəfə şillə ilə sifətindən zərbə vurdum. Sonra mübahisə böyüməsin deyə evdən getdim. Səhəri günü mənə polisdən zəng olunduqda məlum oldu ki, Ləman polisə şikayət edib. Bir daha Ləmanı vurmayacağıma söz vermişəm. Etdiyim əməldən peşmançılıq hissi keçirmişəm”.Zərərçəkmiş Ləmanın sözlərinə görə, ailə qurduqdan sonra mütəmadi olaraq Əsəd onu səbəbsiz yerə döyüb, təhqir edib: “Ailəm dağılmasın deyə şikayət etmək istəməmişəm. Əsəd spirtli içki alüdəçisi olduğu üçün münasibətlərimiz soyuqdur. Əvvəllər bir dəfə məni döydüyü üçün şikayət etmişəm, işimiz Sabunçu Rayon Məhkəməsinə göndərilib. Əsəd məsuliyyətə cəlb olunsa da, mən məhkəmədə barışdığım üçün iş bağlandı”. Zərərçəkmiş deyib ki, sonuncu dəfə məlum hadisə günü saat 21 radələrində yaşadıqları evdə olan zaman Əsəd sərxoş halda evə gəlib və ondan yemək istəyib: “Mən isə yeməyi özü çəkməsini, qabları isə sonra özümün yuyacağımı dedim. Əsəd isə məni küçə söyüşləri ilə söyüb təhqir etdi. Əsədin söyüşlərini özünə qaytardıqda üzərimə gəldi, bir dəfə şillə ilə sifətindən, daha dəqiq çənə nahiyəsindən zərbə vuraraq ona xəsarət yetirdim. Sonra Əsəd həyətə düşdü. Mən isə evdə qaldım. Bir gün gözlədim ki, bəlkə etdiyi hərəkətə görə məndən üzr istəyər. Lakin Əsədin üzr istəmədiyini gördüyüm üçün polisə şikayət etmək qərarına gəldim. Odur ki, 13-cü Polis Şöbəsinə gələrək ərizə yazdım və Əsədin barədə qanuni tədbir görülməsini xahiş etdim”.Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Əsəd 1500 manat miqdarında cərimə edilib. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.