AZ

Günün replikası - Biz Texasda yaşayırıq?..

Bəlkə biz artıq Texasda yaşayırıq və bunu bu günə qədər fərqinə varmamışıq?..

Bu gün “İdrak” litseyində baş verənlər bir çox suallar ortaya çıxardı və bu sualalrın əksəriyyəti Eım və Təhsil Nazirliyinə ünvanlanmalıdr. Amma başqalarına da ünvanlanacaq suallar var...

Öncə uşağı valideynlərinə ünvanlanacaq bir neçə sualı gündəmə gətirək. 16 yaşlı uşaq ov tüfəngiylə evdən çıxıb məktəbə gedərkən onu kimsə görmədimi? (Hərçənd ki, atəş açan uşağın sinif yoldaşı hadisə barədə jurnalistlərə ətraflı məlumat verərkən silahın Avtomat AKM olduğunu deyir) Bu uşağı evdən məktəbə yola salan var ya yox? Yeniyetmə evdən silahla çıxmayıbsa, bu silahı hardan əldə edib və onu məktəbə qədər necə gətirib?

Hər halda “İdrak” litseyinin direktorrunun iddia etdiyi kimi, şagird ov tüfəngini, ya da avtomat silahı məktəbə qədər çantasında daşımayıb. Bu inadırıcılığı olmayan və bir o  qədər də gülünc olan bir iddiadır.

İndi isə gələk Elm və Təhsil Nazirliyinə və “İdrak”litseyinin rəhbərliyinə ünvanlanacaq suallara: bir şagird əlində ov tüfəngi ilə məktəbə necə daxil ola bilib? Kifayət qədər prestijli və bahalı özəl məktəbin təhlükəsizliyi bu qədərdir? Ümumiyytlə “İdrak” litseyində təhlükəsizlik sistemi var, yoxsa iddia olunduğu kimi, təhlükəsizliklə ancaq yaşlı xadimə qadın məşğul olub? Əgər prestijli özəl litseydə təhlükəsizlik bu səviyyədədirsə, onda dövlət məktəblərində təhlükəsizlik hansı səviyyədədir? Ən əsası baş verən bu faciəvi insidentdən sonra Təhsil Nazirliyi valideynlərə uşaqlarının təhlükəsizliyi üçün zəmanət verirmi? Və nəhayət, Azərbaycan məktəbləri Texas məktəblərindən nəylə fərqlənir? Bəlkə biz artıq Texasda yaşayırıq və bunu bu günə qədər fərqinə varmamışıq?

Bütün bu suallar Təhsil Nazirliyinə və şəxsən nazir Emin Əmrullayevə aiddir və istər Nazirlik, istərsə də nazir bu suallara cavab verməlidir...

P. S. Direktorun şərhindən sonra bu hadisənin “İdrak” litseyində baş verməsi adama elə də təəccübllü gəlmir. Şagirdin məktəbə ov tüfəngini məktəbli çantasında gətirdiyini iddia edən direktorun məktəbində hər şey baş verə bilər...

Azər QARAMANLI

Poliqon.info

Seçilən
55
poliqon.info

1Mənbələr