Milan Olimpiadanın açılış mərasimində İsraillə bağlı qalmaqaldan qorxur.
İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Milanda keçiriləcək qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi ətrafında gərginlik yaranıb.
Mərasimdə İsraili kəskin və açıq şəkildə tənqid etməsi ilə tanınan italiyalı reper Qalinin (Ghali) çıxışı planlaşdırılır.
İtaliya KİV-lərinin məlumatına görə, rəsmi qurumlar və ictimai təşkilatlar Olimpiada səhnəsindən siyasi bəyanatlar üçün istifadə edilə biləcəyindən ehtiyat edirlər.
Qali daha əvvəl də oxşar qalmaqallara səbəb olub. Belə ki, 2024-cü ildə San-Remo festivalında o, səhnədən İsraili “Qəzzada soyqırımı” törətməkdə ittiham edib, daha sonra isə sosial şəbəkələrdə Yaxın Şərqdəki müharibəni “yeni Holokost”la müqayisə edib. Bu çıxışlar İtaliyada kəskin reaksiyalara yol açmışdı.
Sənətçinin Olimpiadanın açılışında iştirakı italiyalı siyasətçilərin tənqid dalğasına səbəb olsa da, İtaliyanın idman naziri Andrea Abodi gərginliyi azaltmağa çalışıb.
O bildirib ki, açılış mərasimi qarşılıqlı hörmət prinsipi üzərində qurulub və hər hansı sərbəst şərhə yer yoxdur: “Qali səhnədən öz şəxsi mülahizələrini ifadə etməyəcək”.
İtaliya Yəhudi İcmaları İttifaqının rəhbəri Noemi Di Seni isə sənətçi üçün konkret çərçivələrin müəyyən ediləcəyinə və onun bu mühüm məqamda məsuliyyətini dərk edəcəyinə ümid etdiyini vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az