Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev vəzifəsindən kənarlaşdırılıb.
NOCOMMENT.az xəbər verir ki, Q.Əliyev təqaüd yaşının çatması ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.
Məlumatı YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli təsdiqləyib.
Qeyd edək ki, Ana Vətən partiyasının sabiq sədri Fəzail Ağamalı Ramiz Mehdiyevin 2003-cü ildə prezident olmaq üçün müxalifətlə danışıqlara başladığını bildirmişdi. Onun sözlərinə görə, bu danışıqları ulu öndər Heydər Əliyevin tərcüməçisi Rauf Hüseynov və vaxtilə Prezident Administrasiyasında mühüm vəzifədə işləyən, hazırda isə YAP Qaradağ rayon təşkilatının sədri vəzifəsindən çıxan Qafar Əliyev həyata keçirirdi.
Xatırladaq ki, bu hadisədən qısa müddət sonra Rauf Hüseynov vəzifədən azad edilsə və ölkədən getsə də, Qafar Əliyev daha bir neçə il PA-da vəzifəsini qorumuşdu.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Ramiz Mehdiyevlə bağlı ötən ilin oktyabr ayının sonlarından etibarən müəyyən bir proses başlanıb:
“Səbail Rayon Məhkəməsində onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilsə də, artıq həmin vaxtdan bir neçə ay keçib. Təəssüf ki, istintaq dövründə, eləcə də oktyabr ayından əvvəlki mərhələdə Ramiz Mehdiyevin uzun illər ərzində formalaşdırdığı kadrlar hələ də hakimiyyət strukturlarında təmsil olunmaqda davam edirlər. Bu proses kifayət qədər zəif və ləng şəkildə gedir.
Bir sıra icra hakimiyyəti başçıları var ki, onların Ramiz Mehdiyevin kadrları olduğu hər kəsə bəllidir və bu heç kimdə şübhə doğurmur.
Hətta Azərbaycanın qanunverici orqanında da zaman-zaman iddialar irəli sürülür ki, bir sıra deputatlar birbaşa onun kadrlarıdır və V çağırış parlamentə onun vasitəsilə düşüblər. Xüsusilə rusiyapərəst kimi tanınan bəzi deputatların adları bu kontekstdə hallandırılır. Düşünürəm ki, od olmayan yerdən tüstü çıxmaz.
Hazırda Ramiz Mehdiyev əvvəlki kimi güclü olmasa da, hakimiyyət daxilində təsirini müəyyən qədər qoruyub saxlamağa davam edir. Təəssüflər olsun ki, onun fəaliyyəti ilə bağlı bir çox cinayətlər sübuta yetirildiyi halda, proses yetərincə ciddi aparılmır”.
Şərhçinin sözlərinə görə, əslində, oktyabr ayından indiyədək artıq dörd aya yaxın müddət keçib və yaxın vaxtlarda onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin tamamlanacağı gözlənilir:
“Böyük ehtimalla bu müddət uzadılacaq.
Qafar Əliyevə gəldikdə isə, o, kiçik və əhəmiyyətsiz bir məmur sayılmamalıdır. Qaradağ kifayət qədər böyük rayondur və hakim partiyanın həmin rayonda sədri olmaq mühüm vəzifə hesab olunur. Lakin digər yüksək postlarla müqayisədə bu, o qədər də böyük vəzifə deyil. Ona görə də Qafar Əliyevin vəzifədən çıxarılması Ramiz Mehdiyevin tam şəkildə təsirsizləşdirilməsi kimi qiymətləndirilə bilməz.
Bu proses daha sürətli və prinsipial şəkildə davam etdirilməlidir. Xırda “balıqlar” deyil, böyük vəzifə sahibləri məsuliyyətə cəlb olunmalı, vəzifələrindən uzaqlaşdırılmalı və cinayət məsuliyyətinə cəlb edilməlidirlər.
Çünki bu şəkildə davam etmək mümkün deyil”.
Cavanşir Abbaslı qeyd edib ki, Ramiz Mehdiyev üçün də nəhayət, “dəmir barmaqlıqlar” görünməlidir:
“O, əlini-qolunu sallayaraq villasında rahat həyat sürə-sürə istintaq prosesindən yayına bilməz. Doğrudur, bəzi hallarda yaş amili önə çəkilir. Rəsmi olaraq bu əsas göstərilməsə də, hər kəs anlayır ki, əsas səbəblərdən biri məhz yaş məsələsidir. Lakin düşünürəm ki, bu, heç vaxt əsas ola bilməz. İnsan 90, hətta 100 yaşında olsa belə, ağır cinayət törədibsə, “yaşlıyam” deyərək ev dustaqlığında cəza çəkə bilməz. Belə bir praktika dünyanın heç bir yerində mövcud deyil.
Ümid edirəm ki, bundan sonra bu proses daha sürətli və qətiyyətli şəkildə davam edəcək. Bundan əlavə, hesab edirəm ki, Azərbaycan parlamenti yaxın zamanda buraxılmalı və Ramiz Mehdiyevin oradakı kadrları bir daha qanunverici orqanın qapılarına həsrət qalmalıdırlar. Belə iddialar da var ki, təxminən 50-yə yaxın Milli Məclis üzvü birbaşa onun vasitəsilə parlamentə düşüb. Bu isə demək olar ki, 40–45 faiz təşkil edir ki, bu da çox böyük rəqəmdir. İnsanların taleyi ilə oynamaq olmaz. Qanunverici orqan insanların taleyinə birbaşa təsir edən qərarlar qəbul edir.
Əgər 50-yə yaxın deputat bir şəxsin vasitəsilə ora düşübsə, onlar Azərbaycan xalqının və dövlətinin mənafeyinə necə uyğun qərarlar qəbul edə bilərlər?
Bu məsələyə ciddi şəkildə yanaşılmalı, Ramiz Mehdiyev başda olmaqla onun bütün kadrları vəzifədən uzaqlaşdırılmalı, birbaşa cinayət məsuliyyətinə cəlb olunmalı və qanun qarşısında cavab verməlidirlər. Onlar Azərbaycan xalqı qarşısında da məsuliyyət daşıyırlar. Bu, eyni zamanda digər məmurlar üçün də ibrət dərsi olmalıdır”.
Tunar