Qazaxıstan və İsrail ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər.
İnterpress.az xəbər verir ki, bu barədə rəsmi diplomatik mənbələr məlumat yayıb.
Qazaxıstanın İsraildəki səfiri Emberdiyev İsrail İqtisadiyyat Nazirliyinin Xarici Ticarət İdarəsinin direktoru və ticarət komissarı Fişerlə görüşüb.
Görüşdə müasir geosiyasi və geoiqtisadi dəyişikliklər şəraitində Qazaxıstan-İsrail ticarət-iqtisadi əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub.
Tərəflər ticarət dövriyyəsinin şaxələndirilməsi və həcminin artırılması üçün, xüsusilə metallurgiya, neft-kimya, qida və kimya sənayesi kimi sahələrdə böyük potensialın olduğunu vurğulayıblar.
Qeyd olunub ki, 2025-ci ildə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 193,5 milyon dollar (təxminən 328 950 000 manat) təşkil edib.
Bununla belə, görüşdə vurğulanıb ki, mövcud statistika real göstəriciləri tam əks etdirmir, çünki bəzi iri tədarüklər üçüncü ölkələr vasitəsilə həyata keçirilir.

Xuraman Etibarlı
İnterpress.az