AZ

Həftənin REKORDU - Həftə-reytinq

Yazını böyüt
Yazını kiçilt

Məşhur kolumbiyalı müğənni Şakira “Ginnesin Rekordlar Kitabı”na düşüb. Onun “Las mujeres ya no lloran” (“Qadınlar artıq ağlamır”) adlı dünya turnesi bütün dövrlərin ən yüksək gəlirini gətirib. Belə ki, sənətçi bu turnedən 421,6 milyon dollar (696,15 milyon manat) gəlir əldə edib. Onun 86 konsertində 3,3 milyon bilet satılıb.

 

Həftənin KONSERTİ

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda daha əvvəl anonsunu verdiyi rok konsertini təşkil edib. Hökumət başçısı paytaxtda gənclər üçün xüsusi proqramla çıxış edib. Qeyd edək ki, Paşinyanın yaratdığı rok qrupu “Varçabend” (“Varchaband”) adlanır. Bu ad ermənicə “varçapet” (Baş nazir) və ingiliscə “band” (musiqi qrupu) sözlərinin birləşməsindən yaradılıb.

 

Həftənin İFADƏSİ

ABŞ-nin keçmiş Prezidenti Bill Klinton və sabiq Dövlət katibi Hillari Klinton milyarder Ceffri Epşteynlə bağlı Konqres istintaqı çərçivəsində fevralın sonunda ifadə verəcəklər. Bunu Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer açıqlamayıb. Bildirilib ki, Hillari Klinton fevralın 26-da, Bill Klinton isə fevralın 27-də komitə qarşısına çıxacaq.

 

Həftənin GÖRÜŞÜ

ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə Ağ evdə qapalı görüş keçirib. Görüş Trampın daha əvvəl Petronu narkotik qaçaqmalçılığı ilə bağlı sərt şəkildə ittiham etməsi və hətta hərbi müdaxilə ilə hədələməsindən sonra baş tutub. Qapalı görüşdən sonra tərəflər rəsmi açıqlama verməsələr də, həm Ağ Ev, həm də Kolumbiya Prezidenti Petro görüşə dair fotoları sosial şəbəkələrdə paylaşıb.

 

Həftənin İCAZƏSİ

İranda qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsinə imkan yaradan Nazirlər Kabinetinin qərarı rəsmi olaraq qüvvəyə minib. Birinci vitse-prezident Məhəmməd Rza Arif tərəfindən imzalanaraq, aidiyyəti qurumlara göndərilən sənəd qadınların ilk dəfə motosiklet sürücülüyü ilə bağlı sənəd almasının hüquqi əsasını yaradıb. Qərara əsasən, qadın namizədlər üçün təlim və imtahan prosesi İran Polis Qüvvələri tərəfindən təşkil olunacaq və yol polisinin nəzarəti altında həyata keçiriləcək.

 

Həftənin AXTARIŞI

Fransa polisi “X” şirkətinin Parisdə yerləşən ofisində axtarış aparır. Bu barədə “Telegram” messencerinin yaradıcısı Pavel Durov bildirib. “Fransa yeganə ölkədir ki, insanlara azacıq da olsun azadlıq təqdim edən bütün sosial şəbəkələri - “Telegram”, “X”, “TikTok”u cinayət məsuliyyətinə cəlb edir... Yanılmayın: bu, azad ölkə deyil”, - Durov yazıb. Fransa prokurorluğu milyarder İlon Maskı və “X” şirkətinin keçmiş baş direktoru, sahibkar Linda Yakkarinonu 20 aprel 2026-cı il tarixində ifadə verməyə çağırıb.

Seçilən
52
hafta.az

1Mənbələr