AZ

İranın vurulması yaxındır -ŞƏRH

ABŞ İran ərazisində olan vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb. Daha əvvəllər də belə çağırışlar edilmişdi.

Bəs çağırışlar nəyə siqnaldır?

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ-İran gərginliyi fonunda ABŞ-nin öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırışı təbii görünsə də, təbii olmayan odur ki, İranda ABŞ vətəndaşlarının nə işi ola bilər:

"Diplomatik münasibətlərin olmamasını bir yana qoysaq, ABŞ vətəndaşı hansı məqsədlə İrana gedə bilər və ya buraxıla bilər? Görünən odur ki, bu mesajın özü elə bir konspirasiya mövzusudur və ABŞ bununla İrandakı rezidentlərinə hansısa “hazır ol” mesajı verir. İranın vurulması, demək olar ki, yaxındır. Bir neçə gündür bu məsələ ətrafında davam edən danışıqların nəticəsiz bitdiyi hiss olunur. Amma ABŞ bununla danışıq müddətində İrana təzyiq üçün də bu yolu seçə bilər. Hər iki tərəf bir-birini düşmən elan etsə də, arxa planda bunun əksi olub. Bu ölkələr bir-birinin siyasətini tamamlayıblar. Hesab edirəm ki, hansısa müharibə olacaqsa, bunun nəticəsini hər iki tərəf əvvəlcədən biləcək".

Siyasi şərhçi vurğuladı ki, Türkiyənin danışıqlardan uzaqlaşdırılıb ikitərəfli, vasitəçisiz danışıqlara gedilməsi də buna hesablanıb:

"Böyük ehtimalla İran rejimi artıq ölkəni idarə etməkdə acizdir və dəyişiklik istəyir. ABŞ da buna razılıq verməlidir. İkitərəfli danışıqlarda bu dəyişikliklərin detalları müzakirə olunur. Sonra isə planın icrasına başlanacaq. İrana zərbələr endiriləcək, hakimiyyət də bəzi dəyişikliklərə gedəcək.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ Prezidenti Donald Tramp İranı uzun onillər düşdüyü çətin vəziyyətdən çıxarmaq istəyir, yəni sanksiyaları götürmək istəyir. Bunun üçün də müharibə variantı qaçılmazdır. Çünki bu sanksiyaları Tramp tətbiq etməyib. Müharibədən sonra İran rejimi müəyyən dəyişikliklərə gedir, ABŞ da sanksiyaları götürür. Rejim də nisbətən mülayimləşmiş formada öz hakimiyyətini davam etdirir. Əslində hakimiyyətin dəyişdirilməsi kimi söyləntilər əsl məqsədləri gizlətmək üçün bir addımdır. Şahın oğlunun hakimiyyətə gətirilməsi bunlar üçün izi itirməyə hesablanıb ki, dünya ictimaiyyəti ABŞ-nin məramına inansın. İsraildə isə fərqli düşünürlər. Amma təkbaşına istədiklərini etməyə gücləri çatmır. Onlar molla rejimindən qurtulmaq istəyirlər. Rejim daxilində yeni dövrə mane olan fiqurların aradan qaldırılması da bu planın əsas hissəsidir".

Aytəkin TOFİQQIZI

Seçilən
64
1
redaktor.az

2Mənbələr