AZ

“Çempionlar Liqasında mərhələ keçmiş komanda “Neftçi” ilə oyundan yayınmaq üçün hər yola əl atır” – Avropadan reaksiya

Bilindiyi kimi, Misli premyer-liqasının 21-ci turunda keçirilməli olan Azərbaycan derbisinin təxirə salınması haqda xəbər yayılıb.“Football-plus.az”ın məlumatına görə, “Neftçi”nin Avropadakı azarkeş klubu olan “PLATFORM’37”nin təsisçisi Elnur Şərifli buna sərt reaksiya verib. “Feysbuk”da paylaşım edən azarkeş “oyunun təxirə salınmasında əməyi olanların Allah bəlasını versin” sözlərini yazıb.

Bu mövzu ilə bağlı daha fikrilərini öyrənmək üçün təcrübəli tərəfdarla əlaqə saxladıq. Elnur bəyin “Football-plus.az”a cavabı:

“Bu qərarı qəti şəkildə qəbul etmir və açıq şəkildə qınayıram. “Qarabağ” uzun illərdi ölkəmizi Avropa arenasında təmsil edir və buna hörmətlə yanaşırıq. Lakin bu fakt heç bir halda Misli premyer-liqasında çıxış edən qalan 11 komandanın təqvim planının yalnız bir klubun istəklərinə uyğun qurulmasına əsas vermir. Liqa bütün klublar üçün eyni qaydalarla idarə olunmalıdı. “Qarabağ” rəhbərliyi futbolçularını fikirləşsəydi, üç yarışda mübarizə apardıqlarını nəzərə alaraq mövsüm ərəfəsində transfer etməli və heyətini buna uyğun genişləndirməliydi. “Neftçi”nin və ya başqa bir klubun “Qarabağ” rəhbərliyinin səhvlərini düzəltmək kimi bir öhdəliyi yoxdu. Belə təxirəsalmalar Avropa futbolunda yoxdu. Çempionlar Liqasında çıxış edən komandalar daxili çempionat oyunlarını bəhanə edərək bu şəkildə təxirə saldırmır. Belə qərarlar Azərbaycan liqasını zəif və qeyri-ciddi göstərir, liqanın nüfuzuna zərər vurur. Daha narahatedici məqam odu ki, Çempionlar Liqasında mərhələkeçmiş komanda “Neftçi” ilə oyundan yayınmaq üçün hər yola əl atır. Bu, “Neftçi”nin hazırkı vəziyyətindən asılı olmayaraq yenə də ondan çəkinildiyini göstərir. Bu, idman prinsipləri baxımından düzgün yanaşma deyil. Məsələ yalnız “Neftçi” ilə də məhdudlaşmır. Turnir cədvəlində “Neftçi”dən daha yuxarı pillələrdə olan klublar var və “Qarabağ”ın mümkün xal itkiləri həmin komandaların da mövqeyinə birbaşa təsir edə bilərdi. Oyunun təxirə salınması ilə bu klubların da haqqına girilmiş oldu və çempionatın balansı pozuldu. Hesab edirəm ki, bu qərar həm klublara, həm də bütün azarkeşlərə hörmətsizlikdi. Azərbaycan futbolu fərdi istəklər və xüsusi yanaşmalar ilə yox, bərabərlik, ədalət və prinsipiallıq əsasında idarə olunmalıdı. Əks halda belə presedentlər gələcəkdə liqa üçün ciddi problemlər yaradacaq”.

KƏNAN BAHADIR
Seçilən
59
50
football-plus.az

10Mənbələr