Almaniyada şok: 14 yaşlı yeniyetməni öldürməkdə 12 yaşlı uşaq şübhəli bilinir.
İnterpress.az xəbər verir ki, bu barədə “BILD” nəşri məlumat yayıb.
Almaniyanın Dormagen şəhərində 14 yaşlı Eritreya mənşəli Yosefin qətli ilə bağlı aparılan istintaqda gözlənilməz gəlişmə baş verib.
Polis cinayəti törətməkdə şübhəli bilinən 12 yaşlı Almaniya vətəndaşını saxlayıb.
İstintaqın məlumatına görə, qətl əvvəlcədən planlaşdırılıb və şübhəli şəxs, böyük ehtimalla, tək hərəkət edib.
Yosefin cəsədi yanvarın 28-də Dormagen yaxınlığındakı meşə gölünün sahilində tapılıb. Məhkəmə-tibb ekspertizası yeniyetmənin bıçaqla qətlə yetirildiyini müəyyən edib.
Uzun müddət cinayətin izini tapa bilməyən hüquq-mühafizə orqanları qatil barədə məlumat verən şəxs üçün 10 min avro (təxminən 18 400 manat) məbləğində mükafat vəd etmişdilər.
İstintaqdakı irəliləyiş yalnız mərhumun mobil telefonundakı məlumatların təhlilindən sonra mümkün olub.
Saxlanılan şəxsin yaşının kiçik olması səbəbindən polis və prokurorluq yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi normalarına istinad edərək detalları açıqlamaqdan imtina edirlər.
Bu gün Dormagendə Yosef ilə vida mərasimi keçirilir. Yerli futbol meydançasında təşkil olunan mərasimə təxminən 3000 nəfərin qatılacağı gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az