Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Fevralın 5-də Rusiya və ABŞ arasında "New START" razılaşmasının (Strateji Silahların Azaldılması Müqaviləsi) müddəti bitib.
Təxminən 35 illik nüvə silahlarına nəzarət mexanizmlərinin faktiki olaraq dayanması fonunda müqavilənin uzadılması və ya yeni sazişin imzalanması ilə bağlı tərəflər arasında hər hansı danışıqlar aparılmayı.
Bu vəziyyət qlobal təhlükəsizliklə bağlı narahatlıqların artması ilə müşayiət olunur. Çünki Rusiya və ABŞ üçün artıq nüvə mövzusunda heç bir məhdudiyyət yoxdur.
Bəs narahat olmağa əsas varmı?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Turab Rzayev bildirib ki, şübhəsiz bu vəziyyət dünya üçün fəlakət deməkdir.

O qeyd edib ki, hazırda ən azından qəfil nüvə müharibəsinin başlamasını gözləməsək də, faktiki olaraq nüvə silahlarına nəzarət mexanizmi aradan qalxır:
“İndiyədək Rusiya və ABŞ arasında qarşılıqlı nəzarət mövcud idi, yəni tərəflər bir-birinin nüvə arsenalına, raketlərin və nüvə başlıqlarının sayına nəzarət edirdi. Ancaq indi bu məhdudiyyətlər qüvvədən düşür.
Mövcud reallıq ondan ibarətdir ki, bundan sonra istənilən ölkə istədiyi qədər nüvə başlığı və daşıyıcı raket istehsal edə, mövcud arsenalını yeniləyə və texnoloji cəhətdən təkmilləşdirə bilər. Üstəlik, bu prosesə tədricən üçüncü ölkələrin də qoşulduğu müşahidə olunur.
Məsələn, Çinin artıq təxminən 600 nüvə başlığına malik olması ilə bağlı məlumatlar yayılır və bu göstərici sürətlə artmaqdadır. Bu, dünyanın gələcəyi üçün ciddi təhlükə yaradır”.
Politoloq əlavə edib ki, tərəflər arasında qarşılıqlı çəkindirmə və nəzarət mexanizmləri faktiki olaraq mövcud deyil:
“Rusiya vaxtilə müqavilənin uzadılması ilə bağlı ABŞ-yə təklif irəli sürsə də, Vaşinqtondan cavab gəlməmişdi. Bu isə ola bilsin k, ABŞ-nin daha müasir və qabaqcıl nüvə texnologiyalarına malik olduğu üçün yeni silahlanma strategiyasına üstünlük verdiyini göstərir.
Rusiya müqaviləni birtərəfli qaydada uzatmağa çalışsa da, müddət artıq başa çatır. "New START" razılaşması tamamilə qüvvədən düşmüş hesab olunur. Bu da istər-istəməz yeni nüvə silahlanma yarışına səbəb olacaq. Belə bir şəraitdə ölkələrin nüvə silahından daha “idarəolunan” imkanlarını nəzərdən keçirməsi ehtimalı da artır”.
O bildirib ki, bu proses üçüncü ölkələri də nüvə yarışına qoşulmağa təşviq edə bilər:
“Artıq Çin və Hindistanın nüvə potensialını artırmaq niyyətində olduğu məlumdur. Avropa ölkələri də ola bilsin müəyyən mərhələdə nüvə silahlanması və istehsalına hansısa şəkildə qoşulmağa çalışsınlar.
Nəticə etibarilə, nüvə silahları üzərində nəzarətin bu qədər zəifləməsi ya tərəflərdən birinin texnoloji üstünlük əldə etməsi ilə nəticələnə bilər, ya potensial nüvə toqquşmalarını qaçılmaz hala gətirə bilər, ya da tərəflərin daha geniş və əhatəli yeni nüvə sazişi imzalaması ola bilər”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər:
Rusiya ABŞ Turab Rzayev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.