Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Rusiya xarici tələbələri universitetlərinə cəlb etmək məqsədilə dəstək sistemini genişləndirir.
"Cebheinfo.az" xəbər verir ki, Kommersant nəşrinin məlumatına görə, Təhsil və Elm Nazirliyi beynəlxalq “Open Doors” olimpiadası vasitəsilə ali məktəblərə qəbul olunan xarici tələbələr üçün yol xərclərini, yataqxana və tibbi sığorta ödənişlərini əhatə edən dövlət təqaüdləri verməyə başlayıb.
Bundan əlavə, akademik uğur şərtini yerinə yetirən tələbələrə aylıq təqaüd də ödənilir.
2025-ci ildə bu dəstəkdən 2 min xarici tələbə yararlanıb. 2026/27-ci tədris ilində isə təqaüd alanların sayının 3 minə çatdırılması planlaşdırılır.
Hazırda aylıq təqaüd məbləği 22 min 400 rubl təşkil edir ki, bu da təxminən 290 dollara bərabərdir.Təqaüdlərin ən böyük hissəsi magistratura tələbələri üçün ayrılıb. Onları bakalavr, ixtisas və doktorantura səviyyəsində təhsil alanlar izləyir.
Təqaüdlər 2017-ci ildən bəri 14 müxtəlif sahə üzrə keçirilən Open Doors olimpiadasında ən yüksək bal toplayan namizədlərə verilir. Bu tələbələr HSE, MGIMO və Bauman Texniki Universiteti daxil olmaqla 24 aparıcı ali təhsil müəssisəsində ödənişsiz təhsil ala bilirlər.
Yeni sistemlə əvvəl yalnız təhsil haqqını əhatə edən dövlət kvotasına əlavə olaraq birbaşa maliyyə dəstəyi də təqdim olunmağa başlanıb.
Təqaüd alan tələbələrin əksəriyyəti rus dili üzrə hazırlıq təhsili keçməlidir. Akademik məzuniyyət, hamiləlik və ya təhsil formasının dəyişdirilməsi hallarında ödənişlər dayandırılır.
Nazirlik bu proqramı Rusiyadakı xarici tələbə sayının artırılmasında əsas alətlərdən biri kimi qiymətləndirir. Məqsəd 2030-cu ilə qədər ölkədəki xarici tələbələrin sayını 500 minə çatdırmaqdır.
Mütəxəssislərin fikrincə, bu dəstək həm iqtisadi, həm də diplomatik baxımdan müsbət nəticələr verə bilər. Tələbələrin təqaüd və xərcləri ölkə daxilində qalır.
Eyni zamanda məzunların bir hissəsinin gələcəkdə öz ölkələrində qərarverici mövqelərə yüksələrək Rusiya ilə əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.