AZ

Bahalı divarlar arxasında təhlükə: Lisey insidenti cəmiyyəti silkələdi » AzadMedia.az




Jurnalist (Sosial məsələlər üzrə Ekspert) Ülkər Piriyeva


Bakı, 6 fevral — Azadmedia.az

Bahalı məktəb, ucuz təhlükəsizlik sistemi..

İllik təhsil haqqı 10–15 min manat olan bir özəl liseydə – İdrak liseyində – 10-cu sinif şagirdinin öz müəllimini silahla vurması cəmiyyətdə ciddi narahatlıq doğurub. Baş verən hadisə yalnız kriminal fakt kimi deyil, “bahalı təhsil = sağlam və təhlükəsiz mühit” anlayışının nə dərəcədə yanıltıcı ola biləcəyini göstərən acı nümunə kimi dəyərləndirilir.

Bir çox valideynlər yüksək məbləğ ödəməklə övladlarının avtomatik olaraq psixoloji baxımdan qorunduğunu, təzyiqsiz oxuduğunu və təhlükəsiz mühitdə formalaşdığını düşünür. Lakin bu hadisə göstərdi ki, təhsil haqqının rəqəmi nə qədər yüksək olsa da, emosional təhlükəsizlik təmin olunmaya bilər.


Valideyn məsuliyyəti və diqqətsizlik problemi

Hadisə ailə nəzarəti məsələsini də gündəmə gətirib. Bir çox ailədə uşağın psixoloji vəziyyətinə yetərincə diqqət ayrılmır, davranışdakı dəyişikliklər vaxtında fərq edilmir, aqressiya halları “yeniyetmə dövrünün xüsusiyyəti” kimi qəbul edilir. Məktəbdə yaşanan problemlərlə maraqlanılmadıqda, uşaq içində yığdığı gərginliyi zamanla daha ağır şəkildə üzə çıxara bilir.

Uşaqların yalnız dərs göstəriciləri deyil, emosional durumu, psixoloji yükü və məktəb mühitində qarşılaşdığı münasibətlər də diqqət mərkəzində olmalıdır.


Qiymət təzyiqi və müəllim–şagird münasibətlərində gərginlik

Hadisə fonunda təhsil mühitində uzun müddətdir müzakirə olunan başqa bir problem də yenidən gündəmə gəlib. Xüsusilə yuxarı siniflərdə qiymət amili ətrafında yaranan psixoloji təzyiqlər, müəllim–şagird münasibətlərində balansın pozulması, əlavə hazırlıq məsələlərinə görə şagirdlərə fərqli münasibət göstərilməsi cəmiyyətdə geniş narazılıq doğuran mövzulardandır.

Bəzi hallarda qiymət bilik göstəricisi olmaqdan çıxaraq təzyiq vasitəsinə çevrilir, şagirdlər seçimlərinə görə sıxışdırıldığını hiss edir. Bu vəziyyət xüsusilə 9–11-ci siniflərdə, abituriyentlik dövründə olan uşaqlar üçün ciddi psixoloji gərginlik yaradır.


Özəl məktəblərdə nəzarət və psixoloji mühit məsələsi

Özəl təhsil müəssisələrində “müstəqil struktur” anlayışı bəzən daxili nəzarətin zəifləməsi ilə müşayiət olunur. Psixoloji xidmətlərin formal xarakter daşıması, riskli davranışların vaxtında aşkarlanmaması və şikayət mexanizmlərinin effektiv işləməməsi bu cür hadisələrdən sonra ciddi suallar yaradır.

Baş verən olay bir daha göstərir ki, məktəblərdə psixoloji monitorinq, şagird–müəllim münasibətlərinin qiymətləndirilməsi və təhlükəsizlik tədbirləri kağız üzərində deyil, real şəkildə işləməlidir.

Sosial nəticələr və ümumi məsuliyyət

Bu hadisədə zərər görən yalnız bir tərəf deyil. Burada:
- uşağın gələcəyi,
- ailənin məsuliyyəti,
- məktəbin nüfuzu,
- cəmiyyətin təhlükəsizlik hissi zərbə alır.
Baş verənlər göstərir ki, təhsil yalnız nəticəyə fokuslanan mexanizm deyil, insan formalaşdıran bir mühitdir. Uşaqlar statistik göstərici, müəllimlər isə hakim mövqedə olan fiqurlar kimi deyil, qarşılıqlı etimad və anlayış üzərində qurulan münasibətin tərəfləri olmalıdır.

Bu hadisə cəmiyyət üçün ciddi xəbərdarlıqdır. Təhsil sistemində psixoloji təhlükəsizlik, ailə nəzarəti və məktəbdaxili münasibətlər eyni anda işləmədikdə, ən bahalı divarlar belə yaranan risklərin qarşısını ala bilmir. Problemlərin üzərindən sükutla keçmək yox, onları vaxtında görmək və açıq şəkildə müzakirə etmək oxşar faciələrin qarşısını almağın yeganə yoludur.
Seçilən
15
1
azadmedia.az

2Mənbələr