"Amerika Birləşmiş Ştatları ilə İran arasında son dövrlərdə yaşanan gərginliyin isti qarşıdurmaya çevrilmədən diplomatik yollarla həll edilməsi üçün aparılan səylər sürətlə davam edir. Hər an bir qarşıdurma baş verə biləcəyi ilə bağlı gözləntilər fonunda hər iki tərəfin diplomatik kanalların açıq olduğunu bəyan etməsi və məsələnin müharibəsiz, danışıqlar yolu ilə həll oluna biləcəyini vurğulaması mühüm əhəmiyyət daşıyır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz ABŞ ilə İran arasında keçiriləcək görüşün Türkiyədən Omana keçirilməsindən danışarkən bildirdi.
O, qeyd etdi ki, son günlərdə bu diplomatik görüşmələrin Türkiyədə baş tuta biləcəyi ehtimalı güclü idi:
"Xüsusilə İranın xarici işlər naziri Abbas Əraqçinin Türkiyəyə səfəri və xarici işlər naziri Hakan Fidanla keçirdiyi görüş bu ehtimalı daha da gücləndirmişdi. Bununla yanaşı, Türkiyənin region ölkələri ilə bu mövzu ətrafında apardığı intensiv diplomatik fəaliyyət də danışıqların Türkiyədə keçiriləcəyi gözləntisini formalaşdırmışdı. Eyni zamanda Oman, Qətər və Misir kimi ölkələrin də mümkün məkanlar sırasında olduğu müzakirə olunurdu. Lakin son anda İranın üstünlüyü Omana verdiyi müşahidə olundu".

Politoloq əlavə etdi ki, İranın Omanı seçməsinin arxasında bir neçə mühüm amil dayanır:
"Oman uzun illərdir ABŞ və İran arasında gizli və dolayı danışıqların aparıldığı etibarlı platforma kimi tanınır. Məhz bu ölkədə tərəflər zaman-zaman kəşfiyyat kanalları vasitəsilə təmaslar qurublar. Hətta 2024-cü ilin may ayında ABŞ və İran arasında Omanda baş tutan görüşlərdə İranın Yaxın Şərqdə dəstək verdiyi Hizbullah, HƏMAS, husilər və digər proksi qüvvələrlə bağlı siyasətinə dair müəyyən müzakirələrin aparıldığı və bunun beynəlxalq mediaya sızdığı da məlumdur. Digər tərəfdən, İranın diplomatik manevrləri tarixi olaraq yaxşı bilinən bir reallıqdır. İran diplomatiyası əsrlər boyu zaman qazanmaq, qarşı tərəfin diqqətini yayındırmaq və prosesi öz xeyrinə çevirmək üzərində qurulub. Bu baxımdan, əvvəlcə İstanbul və ya Ankarada keçiriləcəyi ehtimal olunan görüşlərin son anda Omana yönəldilməsi də beynəlxalq ictimaiyyətin diqqətini qarışdırmaq və diplomatik üstünlük əldə etmək cəhdi kimi dəyərləndirilə bilər. Bununla yanaşı, böyük güclərin təsiri faktoru da nəzərdən qaçırılmamalıdır. Xüsusilə İsrailin Türkiyəyə qarşı məsafəli mövqeyi fonunda ABŞ və İngiltərənin müəyyən dairələrinin Türkiyənin bu prosesdə mərkəzi rol oynamasını istəmədiyi ehtimalı mövcuddur. İngiltərənin Omanda uzun illərdir mövcud olan dərin kəşfiyyat infrastrukturu isə bu ölkəni danışıqların izlənməsi və prosesə dolayı nəzarət baxımından əlverişli məkana çevirir. Bu da görüşlərin Omanda keçirilməsini təşviq edən amillərdən biri kimi qiymətləndirilə bilər".
Müsahibimiz əlavə etdi ki, Türkiyənin bölgədə artan nüfuzu da bu seçimin səbəblərindən biri ola bilər:
"Türkiyənin Orta Şərqdə və qlobal miqyasda siyasi, diplomatik və strateji çəkisinin sürətlə artması İran üçün uzunmüddətli perspektivdə müəyyən narahatlıqlar yarada bilər. Bu səbəbdən İranın Türkiyəni prosesdən tam kənarlaşdırmaq istəmədiyi, lakin danışıqların mərkəzində olmasını da arzulamadığı ehtimalı güclənir. Oman seçimi bu balansın qorunmasına xidmət edən bir addım kimi də düşünülə bilər".
Xədicə BAXIŞLI