Rusiya Abxaziya deputatlarının tənqidindən sonra Abxaziyada Rusiya pasportlarının verilməsini dayandırıb.
KONKRET.az xəbər verir ki, Rusiya səfirliyinin yaydığı məlumata görə, Abxaziya ərazisində fəaliyyət göstərən Rusiya daxili pasportlarının və sürücülük vəsiqələrinin rəsmiləşdirilməsi məntəqələri işini müvəqqəti dayandırır.
Bu məntəqələr Rusiya tərəfi tərəfindən ikili vətəndaşlıq məsələlərinin tənzimlənməsi haqqında saziş əsasında yaradılmışdı. Sözügedən saziş 2025-ci ilin aprelində qüvvəyə minib. Lakin səfirlik onların fəaliyyətini dayandırmaq qərarını ona görə verib ki, “Abxaziyalı siyasi xadimlər, o cümlədən Xalq Məclisinin deputatları bu məntəqələrin fəaliyyətinin qanuniliyini şübhə altına alırlar”.
Rusiya tərəfi bildirir ki, Abxaziyanın suverenliyinə hörmətlə yanaşır. Bundan sonra Abxaziya vətəndaşları Rusiya pasportlarını və sürücülük vəsiqələrini yalnız Rusiya ərazisində əldə edə biləcəklər. Rusiya səfiri Mixail Şurqalin dəqiqləşdirib ki, pasport verilməsi məntəqələrinin fəaliyyəti deputat Kan Kvarçiya və bir sıra digər deputatların açıqlamalarına görə dayandırılıb. Onun sözlərinə görə, Kvarçiya və digərləri Rusiya DİN-in miqrasiya xidmətinin əməkdaşlarının Abxaziyada olmasının hüquqi əsaslarını şübhə altına alaraq bunu respublikanın daxili işlərinə müdaxilə kimi qiymətləndiriblər. Nəticədə Rusiya Daxili İşlər Nazirliyi əməkdaşları geri çağırmaq və Abxaziya ərazisində sənədlərin verilməsini dayandırmaq qərarı verib. 2025-ci ilin yazında Vladimir Putin Abxaziya və Cənubi Osetiya sakinləri üçün Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada alınması barədə fərman imzalayıb. Fərmana əsasən, 26 avqust 2008-ci ilədək öz ölkəsinin vətəndaşlığına malik olmuş hər bir yetkin Abxaziya sakini Rusiya pasportu ala bilər.
Natiq Səlim,
KONKRET.az