AZ

"Ağızda pis qoxu gizli problemlərin xəbərçisi ola bilər" - Stomatoloq xəbərdarlıq ETDİ

"Ağız boşluğu sağlamlığında damaq çox vacib rol oynayır. Təəssüf ki, bir çox pasiyent damaqda yaranan dəyişiklikləri ya gec fərq edir, ya da ciddi qəbul etmir. Halbuki damaqda baş verən bəzi əlamətlər ağız boşluğu xəstəliklərinin ilk siqnalları ola bilər".

Bu barədə Redaktor.az-a açıqlamasında stomatoloq İdris Rəhimli damaq problemlərindən danışarkən bildirdi.

Onun sözlərinə görə, damaqda ağrı, göynəmə və ya yanma hissi bir neçə gündən çox davam edirsə, bu, iltihabi prosesin, infeksiyanın və ya travmanın göstəricisi ola bilər:

"Sağlam damaq açıq çəhrayı rəngdə olur, ağ, qırmızı, tünd ləkələr və ya qaralmalar isə göbələk infeksiyası, qan dövranı pozğunluğu və hətta daha ciddi problemlərin əlaməti ola bilər. Damaqda şişkinlik, sərtləşmə və ya toxunduqda ağrı hiss olunursa, bu, abses, iltihab və ya diş kökü ilə bağlı problemdən qaynaqlana bilər. İki həftədən uzun müddət sağalmayan yaralar, aftalar və çatlar mütləq stomatoloji müayinə tələb edir, çünki bəzən bu hallar sistem xəstəlikləri ilə də əlaqəli olur. Damağın səbəbsiz yerə qanaması, xüsusilə diş fırçalayarkən tez-tez təkrarlanırsa, gingivit və ya digər diş əti xəstəliklərinin göstəricisi ola bilər. Ağızda davamlı pis qoxu və ya dad hissinin dəyişməsi infeksiya və ya ağız boşluğunda gizli problemlərin xəbərçisi ola bilər".

Stomatoloq əlavə etdi ki, damaqda hər hansı narahatlıq, dəyişiklik və ya qeyri-adi əlamət hiss etdikdə “öz-özünə keçər” düşüncəsi ilə vaxt itirməmək lazımdır:

"Çünki erkən diaqnoz həm müalicəni asanlaşdırır, həm də daha ciddi fəsadların qarşısını alır". 

Xədicə BAXIŞLI

Seçilən
86
1
redaktor.az

2Mənbələr