Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Biləsuvar-Salyan yolunda yol kənarında "hinduşka" və "qaz" adı ilə şişirdilmiş toyuqların satılması faktı ortaya çıxıb. Tanınmış naşir Şahbaz Xuduoğlu məhsulu aldıqdan sonra evdə onun sadəcə toyuq olduğunu görüb və bu barədə məlumat paylaşıb. Hadisə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yoxlanılıb və fakt təsdiqlənib.
Şahbaz Xuduoğlu vətəndaşlara, xüsusilə sürücülərə, yol kənarında satılan qidalara qarşı diqqətli olmağı tövsiyə edib.Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu barədə Demokrat.az-a açıqlamasında deyib ki, yol kənarında və dövlət nəzarətindən keçməyən yerlərdə ət və ət məhsullarının, süd məhsullarının, eləcə də yüksək risk qrupuna aid digər qida məhsullarının alınması birmənalı şəkildə tövsiyə olunmur:“Xüsusilə son dövrlərdə marketinq hiylələrindən istifadə edilərək bu cür məhsullar “kənd məhsulları”, “orqanik məhsullar”, “təbii məhsullar” adı altında istehlakçılara təqdim olunur və bu yolla vətəndaşlar aldadılır. Lakin nəzərə almaq lazımdır ki, bu məsələ yalnız istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda birbaşa qida təhlükəsizliyi baxımından ciddi risk yaradır. Belə ki, əgər bu qidalar baytar nəzarətindən keçməyibsə və eyni zamanda ekoloji baxımdan uyğun şəraitdə saxlanılmayıbsa, həmin kənd məhsulları və heyvan mənşəli qidalar insan sağlamlığına ciddi zərər vura bilər. Ona görə də tövsiyə olunur ki, satılan məhsullar yalnız mənşəyi bəlli olan, dövlət nəzarətindən keçmiş, saxlanılma şəraiti və temperatur rejimi uyğun olan etibarlı satış yerlərindən alınsın. Toyuq və hinduşqa məsələsinə gəldikdə isə, əgər xoşagəlməz hal baş veribsə, istehlakçılar çox zaman bu məhsullarla bağlı hara şikayət edəcəklərini bilmirlər. Çünki səyyar şəkildə satış həyata keçirən şəxslər məhsulu satdıqdan sonra yerlərini dəyişirlər və ya başqa ərazilərdə fəaliyyət göstərirlər. Bu səbəbdən belə hallarla rastlaşan bütün istehlakçılar aidiyyəti qurumun qaynar xəttinə mütləq şəkildə məlumat verməlidirlər. Ən azı alıcılar özləri daha diqqətli və sayıq olmalıdırlar”. O bildirib ki, əgər məhsulun mənşə sənədi yoxdursa, qeydiyyatdan keçməyibsə və xüsusilə yol kənarında satılırsa, bu halda etiketlənmə tələblərinə də əməl olunmur:“Bu problem yalnız toyuq və ət məhsulları ilə məhdudlaşmır. Digər risk qrupuna aid məhsullar da mövcuddur ki, bunlara qaymaq, süd, eləcə də ev üsulu ilə hazırlanmış turşular və konservləşdirilmiş məhsullar daxildir. Bu məhsullar düzgün hazırlanmadıqda və saxlanılmadıqda insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər. Əgər bu cür məhsullar hər hansı bir satış müəssisəsində realizə olunursa, həmin müəssisə barəsində şikayət edildiyi halda cərimələr və digər inzibati cəza tədbirləri tətbiq oluna bilər. Bu isə bu kimi halların qarşısının alınmasına xidmət edir. Lakin bunun üçün mütləq şəkildə daimi dövlət nəzarəti təmin edilməlidir. İctimai maarifləndirmə aparılmalı, bu cür hallara yol verildikdə tətbiq olunan cəzalar daha sərt olmalıdır ki, növbəti dəfə oxşar hallar təkrarlanmasın. Bir daha vurğulamaq lazımdır ki, dövlət nəzarətindən keçməyən, mənşəyi bəlli olmayan və etibarlı hesab edilməyən satış yerlərindən bu cür məhsulların alınması ümumiyyətlə tövsiyə olunmur”. Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.