Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
2024-cü ildə Azərbaycanda 60 yaşdan yuxarı 840 kişi və 358 qadın rəsmi nikaha daxil olub. Kişilər arasında özündən xeyli cavan qadınlarla, qadınlar arasında isə daha gənc kişilərlə evlilik halları qeydə alınıb. Xüsusilə 60+ yaş qrupunda yaş fərqi böyük olan nikahlar diqqət çəkir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, dünyada bu kimi hallara kifayət qədər tez-tez rast gəlinir:“Azərbaycan cəmiyyətinin də müəyyən bir hissəsi bu prosesdən təsirlənir. Artıq yaş fərqi məsələsi əvvəlki dövrlərdə olduğu kimi ciddi maneə kimi qəbul edilmir. Ailə qurmaq istəyən insanlar, əgər qarşılıqlı anlaşma və uyğunluq varsa, özlərini kiminlə uyğun hiss edirlərsə, həmin şəxslə ailə qurmağa razılıq verirlər. Əlbəttə, cəmiyyətdə bu mövzu ilə bağlı müəyyən ictimai qınaq mövcuddur. Xüsusilə kəskin yaş fərqi arzuolunan hesab edilmir. Keçmişdə 11-12, hətta 13-14 yaş fərqi bəzi hallarda normal qarşılanırdı və buna haqq qazandırılırdı. Bu, müəyyən mənada psixofizioloji inkişaf xüsusiyyətləri ilə izah edilə bilərdi. Lakin mənim fikrimcə, optimal psixoloji yaş fərqi 7-8 ili keçməməlidir. İstisna hallar mövcuddur, lakin bunlar ümumi halların cəmi 1-2 faizini təşkil edir. Statistik göstəricilərə baxdıqda, məsələn, 840 kişi və 358 qadınla bağlı rəqəmlər qeyd olunur ki, bu da Azərbaycan cəmiyyəti üçün böyük bir göstərici sayılmır və təxminən 0-12 faiz aralığında dəyişir. Bununla belə, bu cür faktların mövcudluğu onu göstərir ki, ailə dəyərlərinə və ənənəvi baxışlara münasibət tədricən dəyişir”. O deyib ki, dolayısı ilə bəzi ənənəvi yanaşmaların yenidən formalaşması da müşahidə olunur:“Klassik dövrlərdə əsas meyar yaş fərqi deyil, şəxsin ailə qurmağa psixofizioloji, fiziki və sosial baxımdan hazır olması idi. Erkən nikahların geniş yayılması və daha tez ailə qurub çox övlad sahibi olmaq meyli Azərbaycan cəmiyyəti üçün təxminən 1970-ci illərə qədər xarakterik xüsusiyyət hesab olunurdu. Zaman keçdikcə ailə planlaşdırılması, ailədaxili münasibətlərin tənzimlənməsi, fiziki və psixoloji sağlamlıq, psixofizioloji uyğunluq, yetkinlik və qarşılıqlı anlaşma daha ön plana çıxmağa başladı. Bu dəyişikliklər sosial-mədəni transformasiyalarla birbaşa bağlıdır. Azərbaycan cəmiyyəti Avropaya inteqrasiya etdikcə, bu məsələlərə yanaşma da daha çevik və fərdi xarakter alır. Buna beynəlxalq nümunələr də göstərmək olar. Məsələn, Fransa prezidentinin ailə modeli və ya digər Qərb cəmiyyətlərində, eləcə də İslam dünyasında mövcud olan oxşar nümunələr sübut edir ki, bu mövzu təkcə milli deyil, eyni zamanda dini, mədəni və etnososioloji aspektləri olan mürəkkəb bir məsələdir. Ailə qurmaq istəyən tərəflər razıdırsa və onların psixoloji sağlamlığı buna imkan verirsə, cəmiyyətin bu cür nikahlara qarşı çıxmaqdan daha çox anlayış və dəstək nümayiş etdirməsi daha məqsədəuyğundur. Dəyərlər və stereotiplər zamanla dəyişə bilər və dəyişir də. Bu baxımdan, bizim əsas mövqeyimiz ailə daxilində sağlam münasibətlərin qorunması olmalıdır”.Xatırladaq ki, bir neçə gün əvvəl ehtiyyatda olan general-mayor Nazim Əliyev 67 yaşında özünə toy edib. O, özündən təxminən 35 yaş kiçik xanımla ailə qurub.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.