ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Uzun illər beynəlxalq hüquq normaları, çoxtərəfli konvensiyalar və qarşılıqlı öhdəliklər dövlətlərin davranışını müəyyən edən əsas çərçivə hesab olunurdu. Xüsusilə nüvə silahı ilə bağlı razılaşmalar, yayılmanın qarşısının alınması və nüvə faktorunun yalnız çəkindirici vasitə kimi saxlanılması qlobal sabitliyin əsas dayaqlarından biri idi. Lakin son illərdə baş verən proseslər göstərir ki, beynəlxalq hüququn təsir gücü zəifləyib, böyük dövlətlərin siyasi iradəsi isə daha həlledici rol oynamağa başlayıb. Nüvə təhlükəsizliyi ilə bağlı bağlanan 35 illik sazişin müddəti isə sona çatıb. Məsələ ilə bağlı deputat Elçin Mirzəbəyli Demokrat.az-a bildirib ki, məsələnin mahiyyəti təkcə sazişin müddətinin bitməsi deyil:"Beynəlxalq norma və prinsiplərin əhəmiyyət kəsb etmədiyi bir dövrdə bu müddət məsələsi konkret situasiyada real təsir gücünü itirir. Prinsip etibarilə nüvə faktorundan çəkindirici vasitə kimi istifadə olunması və münaqişələrin həllində ondan alət kimi istifadə edilməməsi nüvə dövlətlərinin məsuliyyətindən asılıdır. Əgər beynəlxalq normalara, çoxtərəfli konvensiyalara və prinsiplərə əməl olunmadığı mərhələdə yaşayırıqsa, bu halda hansısa sənədin müddətinin bitib bitməməsi də ciddi əhəmiyyət daşımır".Deputat deyib ki, məsələ sənədin vaxtı deyil, öhdəliklərin real icrasıdır:"Yeganə ümid ondan ibarət ola bilər ki, rəsmi nüvə dövlətləri nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərinə əməl etsinlər. Lakin konkret situasiyada həmin öhdəliklərin icra olunub olunmaması və müddətin uzadılıb uzadılmaması praktiki baxımdan həlledici rol oynamır".
Qeyd edək ki, soyuq müharibə dövründən qalan bu razılaşmaların ən böyük hədəfi tərəflərin (əsasən ABŞ və Rusiya) daha çox və daha güclü bomba hazırlamasının qarşısını almaq idi. Saziş müəyyən edirdi ki, bir dövlətin sahib ola biləcəyi nüvə başlıqlarının və onları daşıyan raketlərin sayı konkret limiti keçməməlidir. Bu, iqtisadiyyatları tükəndirən silah yarışını cilovlayırdı. Bu sazişlər tərəflərə bir-birinin hərbi bazalarına baxış keçirmək hüququ verirdi. Yəni, bir dövlət digərinin gizli şəkildə yeni raketlər hazırlamadığından əmin olurdu. Bu şəffaflıq "qəfil hücum" qorxusunu aradan qaldırır və tərəflər arasında minimum etimad yaradırdı. Bu mexanizmlərin sıradan çıxması dövlətlərin bir-birindən yenidən şübhələnməsinə yol açır. Yəni, artıq heç kimin qarşısında hər hansı öhdəlik yoxdur. Dünya yenidən hər kəsin özbaşına hərəkət etdiyi, gizli silahlanmanın artdığı qeyri-müəyyənlik dövrünə qədəm qoyur.Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.