AZ

Azərbaycan və Ermənistan arasında paraflanan saziş region üçün yeni dayanıqlı sülh dövrünün başlanğıcı oldu

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsi, sabitliyin təmin olunması istiqamətində real nailiyyətlərinə görə Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması, bir çox qlobal liderin bu prosesi alqışlaması və təbriklər ünvanlaması ölkəmizin regionda yaratdığı reallıqlara münasibətin ifadəsi hesab olunmalıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Bəhruz Məhərrəmov danışıb. Deputat qeyd edib ki, sülh təşəbbüslərinin qiymətləndirilməsi mütəmadi olaraq baş verir, xüsusən hər il ayrı-ayrı ictimai-siyasi xadimlərə və qlobal liderlərə Nobel sülh mükafatı təqdim olunur: “Məsələ burasındadır ki, təqdim olunan mükafatlar sülhün əldə olunması istiqamətində səmərəli cəhdlərə görə verilir, Azərbaycan isə effektiv cəhdlərlə yanaşı, real nəticələrə nail olmuş, demək olar ki, analoqsuz nümunə ortaya qoyub. Həmçinin Prezident İlham Əliyev gələcəkdə münaqişənin yenidən alovlanmasına səbəb ola biləcək amilləri aradan qaldırmaqla, məsələn separatizmə köklü şəkildə son qoymaqla həm də effektiv preventiv mexanizm formalaşdırıb. Əlbəttə, Cənubi Qafqaz kimi dünyanın ən mürəkkəb coğrafiyalarında 30 ildən artıq Ermənistanın dövlət siyasəti çərçivəsində insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə müşayiət olunan münaqişəyə son qoyulması, çoxsaylı iri güclərin bu müharibədə maraqlı tərəf kimi çıxış etməsinə baxmayaraq cənab İlham Əliyevin hərbi-siyasi zəfər yolu ilə vəziyyəti yalnız Azərbaycanın yox, bütövlükdə bölgə xalqlarının lehinə dəyişməsi dözümlülük, qarşılıqlı hörmət və dinc birgəyaşayışa əsaslanan davamlı irsi təcəssüm etdirən niyyətlərin ifadə olunduğu “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təsis komitəsinin diqqətindən kənarda qala bilməzdi”.

Bəhruz Məhərrəmov

Bəhruz Məhərrəmov bildirib ki, ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarında müzakirələr zamanı Prezident Donald Trampın özünün də ifadə etdiyi kimi, müharibə dövründə Azərbaycanın daha irəli getmək şansının olmasına baxmayaraq Prezident İlham Əliyevin sülhə üz tutması, Azərbaycanın irəli getməyin yeganə yolunun dialoq və dayanıqlı sülh olduğuna inamı praktik göstərməsi, heç şübhəsiz ki, ümumbəşəri dəyərlər adına misilsiz xidmət idi: Nəticə etibarilə, cənab İlham Əliyevin mükafatlandırma mərasimindəki tarixi çıxışında da ifadə etdiyi kimi, dünya “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə Azərbaycanın yaratdığı reallıqda Bakı və İrəvan arasında paraflanan sazişi nəinki Azərbaycan və Ermənistan, o cümlədən bütövlükdə region üçün yeni əmin-amanlıq və dayanıqlı sülh dövrünün başlanğıcı kimi alqışladı”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
bizimyol.info

1Mənbələr