Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur.
Prezident İlham Əliyev 4 fevral 2026-cı ildə Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində səsləndirilən fikirlərlə müasir beynəlxalq gündəlikdə sülhün, dialoqun və humanist dəyərlərin əhəmiyyətini bir daha ön plana çıxarmışdır. Bildirilmişdir ki, insan qardaşlığı anlayışı bu gün yalnız mənəvi kateqoriya deyil, eyni zamanda beynəlxalq münasibətlərdə etimadın, təhlükəsizliyin və dayanıqlı sabitliyin əsas dayaqlarından biridir. Azərbaycan dövlətinin uzun illərdir bu prinsiplərə əsaslanan siyasət yürütməsi ölkəmizi multikulturalizm və qarşılıqlı hörmət modelinin nümunəsinə çevirmişdir. Qeyd olunmuşdur ki, regionda əldə edilən sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir və geosiyasi sabitliyin möhkəmlənməsinə real töhfə verir. Bu sülh qarşıdurma ritorikasının dialoqla əvəzlənməsinə, etimad mühitinin formalaşmasına və yeni əməkdaşlıq perspektivlərinin yaranmasına şərait yaradır. Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş baxımından xüsusi mərhələ kimi dəyərləndirilmişdir. Həmin dövrdə aparılan konstruktiv danışıqların konkret və ölçülə bilən nəticələr verdiyi diqqətə çatdırılmışdır. Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən anlayış və dəstək ilə qarşılanmışdır. Dövlətimizin sülh təşəbbüslərinin regional gərginliyin azalmasına və təhlükəsizlik mühitinin möhkəmlənməsinə xidmət etdiyi vurğulanmışdır. İnsan qardaşlığı ideyasının münaqişələrin qarşısının alınmasında, xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsində mühüm rol oynadığı qeyd edilmişdir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məhz bu ali dəyərlərin təbliğinə xidmət etməsi onun beynəlxalq əhəmiyyətini daha da artırır. Mərasim sülhə, əməkdaşlığa və qlobal həmrəyliyə çağırış mesajları ilə yadda qalmışdır.