
London polisi ABŞ-da yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunarkən həbsxanada ölü tapılan Ceffri Epşteyn ilə əlaqələri olan İngiltərənin Vaşinqtondakı keçmiş səfiri Piter Mandelson haqqında aparılan istintaq çərçivəsində iki ayrı ünvanda axtarış aparıldığını təsdiqləyib.
London Metropoliten Polisi İdarəsinin komissar köməkçisi Heyli Süart verdiyi açıqlamada mərkəzi xüsusi cinayətlər bölməsinə bağlı qrupların Uiltşir və Kamden bölgələrindəki iki ünvanda axtarış qərarını icra etdiyini bildirib.
Süart bu axtarışların "vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamları ilə bağlı davam edən istintaq çərçivəsində həyata keçirildiyini qeyd edərək, araşdırmanın 72 yaşlı bir kişi ilə əlaqəli olduğunu vurğulayıb. Məlumata görə, polislər bu axtarışlar zamanı elektron cihazlar, telefonlar və sənədləri ələ keçirməyə çalışıblar.
İstintaqın əsasını Epşteynə aid yeni sənədlərdə Mandelsonun 2008-ci il maliyyə böhranı zamanı bəzi məxfi dövlət məlumatlarını və bazar konyukturasına təsir edəcək hesabatları qeyri-qanuni şəkildə onunla paylaşması iddiaları təşkil edir. Hazırkı mərhələdə şübhəli şəxs barəsində hər hansı bir həbs qəti imkan tədbiri görülməyib, lakin onun yaxın günlərdə ifadəsinin alınacağı gözlənilir.
Xatırladaq ki, Baş nazir Kir Starmer bu qalmaqala görə Mandelsonu səfir vəzifəsindən azad edib və onun lord titulundan məhrum edilməsi üçün qanunvericilik addımları atılacağını bildirib.