AZ

Prezident İlham Əliyevin fəaliyyəti Zəfərə hədəflənir

7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərindən iki il ötür. Geridə qoyduğumuz bu iki il yalnız bir zaman kəsiyi deyil, Azərbaycanın "Zəfər seçkiləri"ndən sonra daxil olduğu yeni dövrün tam suverenlik, ərazi bütövlüyü, genişmiqyaslı quruculuq və qlobal təşəbbüskarlıq mərhələsinin əsasını təşkil edir. İkinci Qarabağ savaşında möhtəşəm qələbədən sonra keçirilən ilk prezident seçkilərinin də qalibi olan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illər regionun geosiyasi arxitekturasını yenidən formalaşdıran hadisələrlə zəngindir.

Bir məqamı da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, 2024-cü ilin fevralında keçirilən prezident seçkilərinin əsas xüsusiyyəti müstəqil Azərbaycan Respublikasında ilk dəfə səsvermə prosesinin ölkənin bütün şəhər və rayonlarında, o cümlədən işğaldan azad olunmuş Xankəndi, Şuşa, Xocalı və digər ərazilərimizdə baş tutması idi. Bu, həm də 30 illik həsrətə son qoyan milli birliyin təntənəsi idi. 

Seçkilərdən sonrakı fəaliyyət proqramında Prezident İlham Əliyev əsas hədəfləri müəyyən etdi. Bu dövr Azərbaycan diplomatiyası üçün də kifayət qədər gərgin, lakin məhsuldar bir il kimi tarixə düşdü. Ermənistanla sülh prosesində bir müddət müşahidə olunan durğunluq və bəzi Qərb dairələrinin qeyri-konstruktiv müdaxilələri fonunda Azərbaycan öz prinsiplərindən geri çəkilmədi və nəhayət, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən yüksəksəviyyəli üçtərəfli görüş və əldə edilən razılaşmalar sülh prosesində ciddi irəliləyişə nail olmaq imkanı verdi. ABŞ-nin yeni administrasiyasının vasitəçiliyi ilə gəlinən ortaq məxrəc, Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının qeyd-şərtsiz tanınması və haqlı tələblərin qəbul edilməsinin vacibliyi üzərində quruldu. Bu diplomatik qələbə göstərdi ki, rəsmi Bakı öz şərtlərini qəbul etdirmək iqtidarında olan qüdrətli tərəf olmaqla yanaşı, Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin qarantı rolunda çıxış edir. 

2026-cı ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumundakı nitqində Prezident İlham Əliyevin vurğuladığı kimi, "Sülh yalnız kağız üzərində deyil, birgə iqtisadi maraqlar, açılan kommunikasiyalar və ticarət dövriyyəsi ilə qorunmalıdır".  Bu konteksdə Ermənistanla iqtisadi münasibətlərin bərpası və Zəngəzur dəhlizinin işə düşməsi artıq sadəcə nəqliyyat layihəsi deyil, bəşəri sülh modeli kimi də qəbul edilməlidir. 

Ötən iki il ərzində işğaldan azad edilmiş ərazilərdə görülən işlər miqyasına görə dünyada analoqu olmayan bərpa prosesidir. Belə ki, işğaldan azad olunandan sonrakı illər ərzində Füzulidə, Zəngilanda və Laçında ən müasir tələblərə uyğun şəkildə tikilib istifadəyə verilən hava limanlarından sonra regionun logistik imkanları daha da genişləndirilmiş, yeni infrastruktur layihələri bütün rayonları əhatə etmişdir. Otuz ilə yaxın müddət ərzində məcburi köçkün həyatı yaşayan sakinlər mərhələli şəkildə öz doğma yurdlarına köçürülməkdədirlər. Xankəndi şəhəri isə Azərbaycanın mühüm təhsil və mədəniyyət mərkəzinə çevrilmişdir. Qarabağ Universitetinin fəaliyyətinin genişləndirilməsi bunun bariz nümunəsidir. 

Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində aparılan işlər çərçivəsində günəş və külək-elektrik stansiyalarının inşası xarici investisiyaların, xüsusilə BƏƏ və Səudiyyə Ərəbistanı şirkətlərinin ölkəyə axınına səbəb olub. 

Prezident İlham Əliyevin yeni mərhələdəki strateji baxışı düşmənçilik səhifəsini bağlayaraq, Cənubi Qafqazı vahid bir iqtisadi orqanizmə çevirməkdir. Hazırkı dönəmdə reallaşan təşəbbüslər də göstərir ki, Ermənistanın Azərbaycanın nəqliyyat-logistika şəbəkəsinə inteqrasiyası ilk növbədə özü üçün rifah deməkdir. Gömrük və sərhəd-keçid məntəqələrindən yüklərin daşınması üçün razılaşmalar, ticarət dövriyyəsinin stimullaşdırılması Cənubi Qafqazı Orta dəhlizin ən təhlükəsiz keçid nöqtəsinə çevirməkdədir. 

Nəticə etibarı ilə Prezident İlham Əliyevin 2024-cü ilin fevralından başlayan ikiillik yeni fəaliyyət dövrü Azərbaycanı daxildə daha monolit, xaricdə isə daha nüfuzlu bir dövlətə çevirib. 2026-cı ilin bu günündən dönüb arxaya baxarkən də görürük ki, iki il əvvəl atılan hər bir imza, verilən hər bir vəd bu gün artıq reallığa çevrilib. 

Arzuxan ƏLİZADƏ,

Milli Məclisin deputatı Milli İstiqlal Partiyasının sədri

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr