AZ

DİQQƏT! Bunu etməsəniz HƏBS oluna bilərsiniz 

Aliment ödənişindən yayınma halları son illərdə cəmiyyətdə ciddi sosial və hüquqi problem kimi aktuallığını qoruyur. Xüsusilə boşanmış valideynlər arasında yaranan bu məsələ, ilk növbədə uşaqların maddi təminatına, təhsilinə və normal inkişafına birbaşa təsir göstərir. Aliment yalnız valideynlər arasında maliyyə öhdəliyi deyil, həm də uşağın qanunla qorunan fundamental hüququdur. Bu səbəbdən məhkəmənin alimentlə bağlı çıxardığı qərarların icrası hüquqi dövlət prinsipinin əsas şərtlərindən biri hesab olunur.

Azərbaycan Respublikasının Konstitusiyasına və müvafiq qanunvericiliyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Bu qərarların icra edilməməsi və ya qəsdən yubadılması hüquqi məsuliyyət yaradır. Qanunvericilik aliment öhdəliyini yerinə yetirməyən şəxslərə qarşı həm inzibati, həm də cinayət məsuliyyəti mexanizmlərini nəzərdə tutur və bu mexanizmlər mərhələli şəkildə tətbiq olunur.

İnzibati Xətalar Məcəlləsinə əsasən, alimentin ödənilməsi barədə məhkəmə qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsi fiziki şəxslər üçün 500 manatdan 1000 manatadək cərimə və ya bir ayadək inzibati həbs tədbiri ilə nəticələnə bilər.

Eyni pozuntu bir il ərzində təkrar törədildikdə isə məsuliyyət daha da ağırlaşdırılır. Bununla yanaşı, qanunvericilik könüllü icranı təşviq edən mexanizmlər də müəyyən edib. Belə ki, borclu şəxs inzibati xəta üzrə məhkəmə qərarı qəbul edilənədək aliment borcunu tam ödədikdə inzibati məsuliyyətdən azad olunur.

Məhkəmə qətnaməsinin qərəzli şəkildə icra edilməməsi və ya onun icrasına bilərəkdən maneə törədilməsi artıq cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, bu cür hallar cərimə, islah işləri və ya azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Lakin burada da qanun humanist yanaşma nümayiş etdirir. Əgər şəxs barəsində hökm qanuni qüvvəyə minənədək məhkəmə qərarını tam icra edərsə, o, cinayət məsuliyyətindən azad edilə bilər.

Bu məsələyə dair hüquqi mövqe Konstitusiya Məhkəməsi tərəfindən də formalaşdırılıb. Plenumun mövqeyinə əsasən, cinayət məsuliyyəti yalnız inzibati məsuliyyət tədbirləri tətbiq edildikdən sonra və məhkəmə aktının qərəzli şəkildə icra edilməməsi sübuta yetirildikdə yaranır. Bu yanaşma hüquqi müəyyənliyin təmin edilməsinə və vətəndaşların hüquqlarının balanslı şəkildə qorunmasına xidmət edir.

Ramil Süleymanov

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov NOCOMMENT.az-a bildirir ki, aliment öhdəliyinin yerinə yetirilməməsi təkcə hüquqi pozuntu deyil, həm də ciddi sosial məsuliyyətsizlikdir:

“Aliment uşağın gündəlik ehtiyaclarının, təhsilinin və sağlamlığının təmin olunmasına xidmət edən vəsaitdir. Bu öhdəlikdən yayınmaq, əslində, uşağın gələcəyinə biganə qalmaq deməkdir. Qanunvericilikdə inzibati və cinayət məsuliyyətinin mərhələli şəkildə tətbiqi onu göstərir ki, əsas məqsəd insanları cəzalandırmaq yox, onları öz borclarını könüllü şəkildə yerinə yetirməyə təşviq etməkdir. Təcrübədə görürük ki, bir çox hallarda məsuliyyət tədbirlərindən sonra borclular öhdəliklərini yerinə yetirməyə başlayırlar. Halbuki ən düzgün yol məsələni bu mərhələyə çatdırmadan alimenti vaxtında ödəməkdir”.

Hüquqşünasın sözlərinə görə, bəzi borclu şəxslər gəlirlərini gizlətməyə, qeyri-rəsmi işləməyə və ya əmlaklarını yaxınlarının adına keçirməyə cəhd göstərirlər:

“Lakin icra orqanlarının səlahiyyətləri bu halların araşdırılmasına və borcun məcburi qaydada tutulmasına imkan verir. Bank hesablarının dondurulması, əmlaka həbs qoyulması, əməkhaqqından tutulmalar və ölkədən çıxışın müvəqqəti məhdudlaşdırılması kimi tədbirlər də qanunvericilikdə nəzərdə tutulub. Aliment ödənişindən yayınma halları yalnız ayrı-ayrı ailələrin deyil, bütövlükdə cəmiyyətin sosial rifahına mənfi təsir göstərir.

Uşaqların maddi çətinliklərlə üzləşməsi onların təhsilinə, sağlamlığına və psixoloji durumuna uzunmüddətli təsir göstərə bilər.

Bu baxımdan aliment öhdəliyinin yerinə yetirilməsi həm hüquqi, həm də mənəvi məsuliyyət kimi qiymətləndirilməlidir.

Mövcud qanunvericilik aliment ödəməkdən yayınan şəxslər üçün kifayət qədər ciddi və balanslaşdırılmış məsuliyyət mexanizmləri müəyyən edib. Bu mexanizmlər bir tərəfdən uşaqların hüquqlarını qorumağa, digər tərəfdən isə borclu şəxsləri öz öhdəliklərini dərk etməyə və vaxtında yerinə yetirməyə yönəlib. Alimentin vaxtında ödənilməsi yalnız qanuni tələb deyil, həm də valideynlik borcunun və vicdanın göstəricisidir”.

Tunar

Seçilən
11
nocomment.az

1Mənbələr