AZ

Günümüzün bəlası: Ölümü fərqli təqdim edən, aqressiya yaradan kompüter oyunları - Nəzarət necə olmalıdır?

BAKI, 7 fevral. TELEQRAF

Bu gün Bakıdakı “İdrak” liseyində şagirdin öz müəllimini güllələməsi ölkə gündəmini zəbt edib. Hadisənin özü qədər, belə halların arxasında hansı səbəblərin dayandığı da müzakirə mövzusudur. Hesab edilir ki, bu kimi halların artmasında bir neçə amil rol oynayır: sosial media, kompüter oyunları və valideyn nəzarətinin zəifləməsi əsas səbəblər sırasındadır.

Teleqraf-a danışan psixoterapevt Azad İsazadə bildirib ki, məktəblərdə zorakılıq periodik yaşanır.

"Bu, xüsusilə yeniyetmələr aralarında daha çox müşahidə olunur. Yeniyetməlik mürəkkəb bir dövrdür, fiziki inkişaf intellektual inkişafdan sürətli gedir, empatiya isə nisbətən zəif formalaşır. Bu yaşda insan maksimalist olur, hər şey ya ağdır, ya qara. Əgər yeniyetmə bir şeyi qara sayırsa, onun üçün bu pisdir, başqa rənglər mövcud deyil. Yeniyetmə ilə davranışda daha çox dost kimi yanaşmaq lazımdır. Təəssüf ki, məktəbdə müəllim düşünür ki, müəllimdirsə, şagird onun dediyi hər şeyi qəbul etməli və cavab qaytarmamalıdır.

Müasir dövrümüzdə məktəbdə baş verən hadisələr dərhal sosial şəbəkələrdə və mətbuatda yayılır. Xaricdə belə hadisələrin onlayn nümayişini də görmək olur.

Ümumiyyətlə, dünya üzrə aqressiya həddindən artıq çoxalıb. Kiçik və böyük dövlətlərin bir-biri ilə güc amili əsasında danışması insanların düşüncəsində də “haqqını yalnız aqressiya ilə müdafiə etmək olar” fikrini gücləndirir”.

Azad İsazadə qeyd edib ki, kompüter oyunlarındakı ölüm bu anlayışın şüurda fərqli qəbul olunmasına səbəb olur: “Valideynlər uşaqlarının hansı kompüter oyunları oynadığına nəzarət etməlidirlər. Bu oyunların əsas mənfi tərəf odur ki, orada 5 şans verilir. Yəni oyundakı obrazı öldürürlər, o yenidən bərpa olunur və oyuna davam edir. Oyun zamanı 5 dəfə ölmək olar, amma bu, həyatda bir dəfə olur.

Ötən gün baş verən hadisənin nəticəsi istintaqda müəyyən olunacaq. Amma hamımıza aydındır ki, prosesi bu həddə gətirən səbəblər var.

Yeniyetmə ov tüfəngini götürüb kimisə öldürür yaxud yaralayırsa, burada valideynin də məsuliyyəti var. Uşağın silaha əl atmağa ixtiyarı yoxdur. Evdə silah saxlayan insan məsuliyyət daşıyır.

Digər tərəfdən uşağın psixi problemi ola bilər: müəllimin hansısa zarafatı, haqlı sözü kobud formada istifadə etməsi yeniyetməni aqressiya həddinə çatdırmış ola bilər”.

Psixoterapevt vurğulayıb ki, öz təcrübəsində yeniyetmələrin bullinqlə bağlı müraciətləri ilə tez-tez rastlaşır: “Uşaqları hansısa uşağı qaralayır, onda aqressiya yaranır, bəzən o bullinqin səbəbi müəllim də olur. Valideyn və müəllim uşaqla bağlı məsələdə daim əlaqədə olmalıdı, birgə işləməlidirlər”.

Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, məktəblilərlə psixologiya işi düzgün qurulmalıdır:

“Bu gün biz ümumi prosesə baxdıqda sanki rəqəmsal mühitin qarşısına gənclərin psixologiyasını pozmağı məqsəd qoyduğunu görürük. Təəssüf ki , bu gün sosial mediadan düzgün istifadə etməmək, bəzi oyunların istifadəsi , validenlərin övladlarının tərbiyəsinə vaxt ayırmaması, onlarla sıx ünsiyyətdə olmaması bu prosesə ciddi təsiri göstərir. Valideynlər öz övladlarına qarşı diqqətli olmalıdırlar".

Deputatın fikrincə, məktəblərdə tərbiyə işi daha da gücləndirilməlidir: “Bunu bir neçə dəfə səsləndirmişəm, biz gənclərin milli -mənəvi dəyərlərə sadiq ruhda yetişməsi üçün proqramlar qəbul etməliyik. 16 yaşına qədər olan uşaqların sosial mediadan sərbəst istifadəsinin qarşısı alınmalıdır.

Bu gün çox təəssüf ki, cizgi filmləri belə uşaqlara aqressiyanı təbliğ və təqdim edir. Valideynlər övladlarının tərbiyəsinə daha çox vaxt ayırmalıdırlar. Xüsusilə bu yaş qrupunda olan uşaqlarla sıx işləməli, daha güclü ünsiyyət qurmalıdırlar”.

Sosioloq Üzeyir Şəfiyev də hesab edir ki, məktəblərdə və sosial şəbəkələrdə yeniyetmə və gənclərin davranışlarında müşahidə olunan aqressivləşmənin əsas səbəblərindən biri internet oyunlarıdır: “Xüsusilə aqressiya yayan oyunlar var. Bəzi oyunlarda başqalarına qarşı aqressiyaya çağırışlar mövcuddur. Bu oyunlar uşaqlarda davranış problemləri yaradır, davranış pozuntularına səbəb olur. Uşaq gördüyünü təqlid edir və onu başqasına yönəltməyə çalışır”.

Sosioloq bildirib ki, baş verən hadisə Azərbaycan üçün nadir sayılsa da, mahiyyət etibarilə Qərb ölkələrində müşahidə olunan hallara bənzəyir: “Sözügedən hadisə Azərbaycanda nadir hallardandır, amma hadisənin xarakteri göstərir ki, bu tip olaylar daha çox Amerika və Avropa ölkələrində baş verir. Bullinqə məruz qalan, ailədaxili münaqişə yaşayan uşaq adətən aqressiyanı məktəb mühitində, sinif yoldaşlarına qarşı yönəldir. Biz bunu sosial şəbəkələrdə də açıq şəkildə izləyirik. Sosial şəbəkələr bu cür hadisələri cəmiyyətə ötürür və yayır. Ona görə də mən hər zaman təklif etmişəm ki, sosial şəbəkələrdə süzgəc mexanizmi tətbiq olunmalıdır. Belə mexanizmlər olmasa, davranış pozuntularına səbəb olan məzmunların qarşısını almaq mümkün deyil.

2018-ci ildə ölkə başçısı uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun imzalayıb. Digər hüquqi aktlar da mövcuddur və bunlar bizə imkan verir ki, bu cür halların qarşısı alınsın. Mövcud vəziyyət həm ailədaxili tərbiyədə olan boşluqlarla, həm məktəb mühitində didaktik işlərin arzuolunan səviyyədə olmadığını göstərir. Həm də uşaqların keçirdiyi travmalar və sosial media üzərindən onlara göstərilən mənfi nümunələrlə bağlıdır”.

Seçilən
17
2
teleqraf.com

3Mənbələr