AZ

Rusiyada morqda dəhşətli hadisə: Mərhumların bədən hissələri satılıb

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən xəstəxana morqundan bioloji materialların kommersiya şirkətlərinə təcrübələr üçün qanunsuz şəkildə satılması ilə bağlı sxem hüquq-mühafizə orqanları tərəfindən ifşa edilib.

7News.Az "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Onun sözlərinə görə, anatomik biomodellərin hazırlanması üzrə ixtisaslaşmış kommersiya təşkilatının təsisçisi, eləcə də xəstəxananın patoloji-anatomiya şöbəsinin müdiri saxlanılıb. Hazırda onların barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Polisin məlumatına əsasən, şəhər xəstəxanalarından birinin rəhbərliyi pul müqabilində uzun müddət ərzində mərhumların bədən hissələrinin qanunsuz çıxarılmasına şərait yaradıb.

Sonradan əldə edilən biomateriallar müxtəlif kommersiya təşkilatlarına ötürülərək kosmetologiya, cərrahiyyə və stomatologiya sahələrində təcrübə nümunəsi kimi istifadə olunub.

Araşdırma zamanı müəyyən edilib ki, kommersiya məqsədli tədqiqatlar aparan şəxslərə lazımi sənədlər rəsmiləşdirilmədən morqda yarılma aparmağa icazə verilib. Bundan başqa, mərhumların cəsədlərinin dəyişdirilməsi halları da qeydə alınıb. Məqsəd isə sonradan müraciət edən qohumların tibb müəssisəsinin rəhbərliyini qanunsuz fəaliyyətdə şübhəli bilməməsi olub.
Seçilən
80
7news.az

1Mənbələr