AZ

5 aydan sonra...

Əbu-Dabi görüşünün real nəticəsi: 314 əsir vətəninə qayıtdı

Görüşlər davam edəcək

Rusiya ilə Ukrayna arasında 4 ildir ki, davam edən müharibənin yekunlaşması ilə bağlı növbəti danışıqlar prosesi Əbu-Dabidə reallaşıb. Budəfəki görüşün heyəti dəyişməyib - yanvar ayında keçirilən görüşdə olduğu kimi, Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, ABŞ nümayəndə heyətinə Stiv Vitkoff, Rusiya nümayəndə heyətinə isə Baş Qərargahın (BQQ) Baş İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edib. Görüş iki gün davam edib və müzakirələr qapalı qapılar arxasında keçirilib.

Görüşün mahiyyətinə keçməmişdən əvvəl vurğulamaq lazımdır ki, beynəlxalq mətbuat danışıqlardakı atmosferin əvvəlki görüşlərdən fərqləndiyini, nisbətən daha işgüzar olduğunu bildirib. Baxmayaraq ki, nümayəndə heyətləri arasında fikir ayrılıqları mövcud olub, iqtisadi aspektləri, ərazi məsələləri və atəşkəs mexanizmi müzakirə olunub.

Rusiyalı əsirlər Belarusda...

Görüş özündən əvvəlkilərdən bir sıra yenilikləri ilə seçilib. Belə ki, görüşün ilk günündə Moskva və Kiyev 5 aydan sonra ilk dəfə əsir mübadiləsi aparmaq barədə razılığa gəliblər. Rusiya Müdafiə Nazirliyi mübadiləni “157-yə 157” formuluna uyğun olaraq aparıldığını elan edib. Müdafiə Nazirliyi bildirib ki, Rusiya Ukrayna əsirliyindən 157 hərbçini geri qaytarıb və 157 ukraynalı hərbi əsir mübadilə yolu ilə təhvil verilib. Bəyanatda deyilir ki, əsirlikdən qayıdan rus əsgərləri Belarus ərazisindədir və onlara “yardım göstərilir”. Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, BƏƏ Rusiya hərbçilərinin əsirlikdən qaytarılmasında vasitəçi kimi çıxış edib.

Qeyd edək ki, 2025-ci ildə mübadilə nəticəsində 1800-dən çox Rusiya hərbçisi Ukrayna əsirliyindən qaytarılıb. Prezident Vladimir Putin BƏƏ-nin Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

150 ukraynalı hərbçi və 7 mülki şəxs...

Azad edilən 139 Ukrayna vətəndaşı 2022-ci ildən bəri Rusiya əsirliyində olub. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib. Rusiya əsirliyindən yüz əlli hərbçi və yeddi ukraynalı mülki şəxs azad edilib. Onların arasında yaralı əsgərlər də var. Qaytarılmış əsirlər Luqansk, Donetsk, Xarkov, Zaporojye, Xerson, Sumı və Kiyev sektorlarındakı döyüşlərdə iştirak ediblər. Azad edilənlərin yarıdan çoxu Mariupolun müdafiəsi zamanı əsir götürülüb.

Zelenski həmçinin Ukrayna, ABŞ və Rusiyanın Əbu-Dabidə üçtərəfli danışıqların daha bir mərhələsini keçirmək barədə razılığa gəldiyini təsdiqləyib. O, son görüşün təfərrüatlarını “həssas” adlandırıb və onları daha sonra açıqlayacağına deyib. O, növbəti görüşün ABŞ-da baştutma ehtimalını istisna etməyib.

Ukrayna Prezidentinin Ofisinin rəhbəri Kirilo Budanov isə danışıqları “konstruktiv” adlandırıb. “Danışıqlar həqiqətən konstruktiv keçdi. Əla təşkilatçılığına və vasitəçiliyinə görə ABŞ və BƏƏ-yə minnətdaram”, - Budanov qeyd edib.

Qarşıdakı həftələrdə Vaşinqtonda...

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff da Əbu-Dabidə keçirilən görüşü konstruktiv adlandırıb: “4 və 5 fevral tarixlərində ABŞ, Ukrayna və Rusiya Federasiyasından olan nümayəndə heyətləri Ukraynadakı münaqişəyə son qoymaq səylərinin bir hissəsi olaraq Əbu-Dabidə ikinci üçtərəfli görüş keçiriblər. Danışıqlar konstruktiv olub və davamlı sülh üçün şəraitin yaradılmasına yönəlib”, Vitkoff X sosial media platformasında yazıb.

Tərəflər, xüsusən də atəşkəs vəziyyətində tətbiq üsulları və hərbi əməliyyatların dayandırılmasına riayət olunmasının monitorinqini müzakirə ediblər. Xüsusi elçi əsir mübadiləsinə diqqət çəkərək bildirib ki, bu, 5 ay ərzində ilk belə mübadilədir. O qeyd edib ki, dialoq davam edəcək və qarşıdakı həftələrdə daha yaxşı irəliləyişlər gözlənilir.

Onun sözlərinə görə, nümayəndə heyətləri danışıqların nəticələrini paytaxtlarına bildirmək və qarşıdakı həftələrdə üçtərəfli müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Xüsusi elçi vurğulayıb ki, Rusiya və Amerika hərbçiləri arasında yüksək səviyyəli dialoqun bərpası sülhə nail olmaq üçün çox vacibdir. “Amerika Birləşmiş Ştatları və Rusiya həmçinin ABŞ-ın Avropa Komandanlığının komandanı, general Aleksus Qrinkeviçin rəhbərliyi altında hərbi dialoq qurmaq barədə razılığa gəliblər. Bu təmaslar münaqişədən əvvəl dayandırılıb və sülhün əldə edilməsi və qorunması üçün davam etdirilməsi vacibdir”, - deyə Vitkoff qeyd edib.

Qeyd edək ki, həm Vitkoffun, həm də Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerovun qısa yekun açıqlamalarında, növbəti üçtərəfli görüşün növbəti bir neçə həftə ərzində baş tuta biləcəyi vurğulanır. Umerov görüşün məhsuldar, konkret addımlara və praktik həllərə yönəldiyini bildirib.

Odessaya zəmanət...

Xarici mətbuat Əbu-Dabidəki danışıqlarda Ukraynanın sülh müqaviləsinin bir hissəsi olaraq Odessa üçün təhlükəsizlik zəmanətləri tələb etdiyini yazıb. Bildirilib ki, Odessa üçün zəmanətlər Ukrayna tərəfi üçün ciddi aspektdir. Xatırladaq ki, The Wall Street Journal (WSJ) yanvarın əvvəlində Odessanın enerji sisteminə edilən hücumlar səbəbindən şəhərin mühasirədə olduğunu bildirmişdi. Qəzet qeyd edirdi ki, Ukraynanın əsas iqtisadi və taxıl mərkəzi olan Odessa elektrik enerjisi idxalından asılılığı səbəbindən enerji sisteminə edilən hücumlara qarşı olduqca həssasdır.

Ukrayna İcmalar və Ərazilər Nazirliyinin məlumatına görə, ölkənin kənd təsərrüfatı məhsullarının təxminən 90 faizi dəniz yolu ilə ixrac olunur. Nazirlik hesablamalarına görə, 2025-ci ilin ilk 11 ayında Odessa bölgəsindəki 6 limandan təxminən 76 milyon ton yük daşıdığını təxmin edir. WSJ qeyd edir ki, əgər Odessa vasitəsilə Ukrayna taxılının ixracı dayandırılarsa, bu, Ukraynaya əlavə zərbə ola bilər. Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, zərbələr yalnız Ukraynanın hərbi və enerji obyektlərini və əlaqəli infrastrukturu hədəf alır.

SADİQ

Seçilən
14
1
yeniazerbaycan.com

2Mənbələr