ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub marşrutlarını əlaqələndirən nəhəng haba çevriləcək
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Dünya Hökumətləri Zirvə Toplantısı çərçivəsində “Yeni İpək Yolu” Forumu keçirilib. Qlobal forumda dünyanın aparıcı korporasiyaları və innovasiya, rəqəmsal şirkətlərinin rəhbərləri, Beynəlxalq Valyuta Fondu, Dünya Bankının üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının, eləcə də 35-dən çox dövlət başçısı və hökumət nümayəndə heyəti iştirak edib. Tədbirdə 5 əsas mövzu - qlobal idarəetmə və effektiv liderlik, sosial rifah və gücləndirilmiş potensiallar, iqtisadi rifah və strateji investisiyalar, şəhər gələcəyi, inkişaf edən sərhədlər istiqamətləri üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb. Həmçinin beynəlxalq nəqliyyat əməkdaşlığının gücləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional logistika potensialının reallaşdırılması forumun əsas müzakirə mövzularından biri olub.
Dünya Hökumətləri Zirvəsi Təşkilatının sədri Məhəmməd Əl Qerqavi bildirib ki, dünya hazırda ənənəvi sistemlərin hərtərəfli yenidən qurulmasının şahidi olur, bu, qısamüddətli dəyişikliklər qlobal iqtisadiyyatın yeni xəritəsini formalaşdırır. Yeni mənzərədə ən çox diqqətçəkən məsələlərdən biri kommunikasiyaların coğrafi fraqmentasiyalarındakı dəyişikliklərdir. Müxtəlif regionlarda nəqliyyat-kommunikasiya xətlərinin inteqrasiyaları qlobal ticarətin və logistikanın da sərhədlərini dəyişdirir, investisiyaların strukturuna təsir edir. Bu dəyişikliklər iqtisadi, kommersiya və investisiya əlaqələrində də bir sıra meyilləri meydana çıxarır.
Orta Dəhliz vasitəsilə yükdaşımalar 11 faiz artıb
Tədbirdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsindəki rolunun qlobal təchizat zənciri, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsü, Orta Dəhliz üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edilib ki, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməklə, beynəlxalq nəqliyyat dəhlizlərinin modernləşdirilməsində də fəal rol oynayır, müasir infrastrukturlar qurur, bu infrastruktur quruculuğu və modernləşmə Orta Dəhlizin daşınma qabiliyyətinin güclənməsinə xidmət edir. 2025-ci ildə Orta Dəhliz vasitəsilə yükdaşımalar 11 faiz, Şimal-Cənub dəhlizi üzrə isə 12 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində illik ötürücülük qabiliyyəti 5 milyon tona çatdırılıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü daha da artırılıb və 2025-ci ildə Bakı Limanında konteyner aşırılması əvvəlki illə müqayisədə 40 faiz yüksələrək 107 mini keçib. Hazırda Limanın yükötürmə gücünün (TEU) 25 milyon tona çatdırılması istiqamətində işlər davam etdirilir.
S.Şərifov Vaşinqtonda əldə olunan üçtərəfli razılaşmaya əsasən, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi tanınan Zəngəzur dəhlizinin strateji önəmindən bəhs edərək bildirib ki, bu layihə Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsi yaratmaqla yanaşı, 2040-cı ilə qədər 865 min TEU həcmində yük axınını təmin etmək potensialına malikdir.
Çoxvektorlu nəqliyyat siyasəti Azərbaycanın qlobal platformalarda layiqli yerini möhkəmləndirməklə, bu coğrafiyalarda yer alan ölkələrin əməkdaşlıq və rifahın yeni koordinatlarını müəyyən etməyə, yeni tərəfdaşları inteqrasiyaya cəlb etməyə hesablanıb. Beləliklə, Azərbaycan Orta Dəhliz-Zəngəzur blokunu koordinasiyalı inkişafı sayəsində bir neçə qitəni logistika inteqrasiyasında birləşdirən körpü quruculuğuna töhfə verməkdədir.
Mərkəzi Asiya-ABŞ-Azərbaycan logistika zənciri
“Yeni İpək Yolu” Forumunda çıxış edən digər natiqlər nəqliyyat dəhlizlərində tarif siyasəti və sərhəd-keçid məntəqələrinin buraxıcılıq qabiliyyətinin, logistika imkanlarının artırılması, rəqəmsallaşmavə gömrük prosedurlarının harmonizasiyası istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında koordinasiyanın qurulması sahəsində birgə fəaliyyətin zəruriliyinə toxunublar.
Azərbaycanın da strateji mövqe tutduğu Orta Dəhlizin Yeni İpək Yolunun əsas arteriyalarından birinə çevrildiyinə diqqət çəkən Qırğızıstan baş nazirinin birinci müavini Daniyar Amangeldiyev müasir geosiyasi vəziyyətlər fonunda yük daşınmasının pozulmasının qarşısını almaq üçün Avrasiya xətlərinin əhəmiyyətini vurğulayıb. Orta Asiya ölkələrinin qlobal nəqliyyat zəncirlərinə qoşulmasında fəal rol oynamasına toxunaraq Avrasiya bölgəsində və digər regionlarda çoxqütblü kommunikasiya xətlərinin rifah və inkişafa xidmət etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, bir müddət əvvəl Bişkekdə Mərkəzi Asiya Ölkələri və ABŞ arasında İqtisadi Əməkdaşlığın Gücləndirilməsi üzrə “B5+1” modeli yaradılıb ki, bu format beynəlxalq kommunikasiyalara inteqrasiyanın bir hissəsidir. Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov yeni əməkdaşlıq formatlarının regional əməkdaşlığın keyfiyyətcə yeni bir mərhələsini təmsil etdiyini və bu mərhələdə biznesin iqtisadi transformasiyanın əsas hərəkətverici qüvvəsinə çevrildiyini vurğulayıb.
Göründüyü kimi, Azərbaycanın əsas oyuncu və mərkəzi coğrafiya olduğu Orta Dəhlizin vahid nəqliyyat arteriyası formalaşmaqdadır. Dəhlizin növbəti dayanacağı Zəngəzur xətti olacaq ki, nəticədə Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsi tam təmin ediləcək. İkitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın simvoluna çevrilən Orta Dəhlizdə Azərbaycan müasir geoiqtisadi və geosiyasi platformalarda yerini və mövqeyini daha da gücləndirəcək.
E.CƏFƏRLİ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.