AZ

Zatulindən Azərbaycan XİN-in notasına həyasız reaksiya

Xəbər verdiyimiz kimi, fevralın 6-da Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimova etiraz notası təqdim edib.

Bildirilib ki, Rusiya səfiri ilə görüş zamanı, 5 fevral tarixində Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan Respublikası vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

K.Zatulinin uzun müddətdir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan Respublikası vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətlə pislənib.

Görüşdə Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb.

Musavat.com xəbər verir ki, Rusiya XİN və Dövlət Duması rəhbərliyi notaya reaksiya verməyib. Zatulin isə RTVI-yə verdiyi açıqlamada Azərbaycan XİN-in notasına yenə də həyasız və qudurğan münasibət bildirib. Zatulin guya etiraz notasının məzmunundan xəbərsiz olduğunu qeyd edib. O, yazıçı Mark Tvenə məxsus olduğunu iddia etdiyi bir sitatı xatırladadaraq, həddini yenə aşıb və Bakının ünvanına hədyanlar səsləndirib.

Zatulin separatçı keçmiş “prezidentlər” – 20 illik həbs cəzası alan 68 yaşlı Arkadi Qukasyan və 65 yaşlı Bako Saakyanın cəzaları çəkib “həbsxanada tam müddətdən sağ çıxa bilməyəcəklərindən” yenə “kədərlənərək” danışıb.

Yada salaq ki, Konstantin Zatulin ənənəvi anti-Azərbaycan mövqeyini növbəti dəfə nümayiş etdirərək, “Lazarev Klubu”nun İdarə Heyətinin koordinatoru kimi bəyanatını yayıb. Zatulin bəyanatda Əbu-Dabidəki Zayed Sülh Mükafatının təqdimatı ilə bu hökmün elan edilməsi arasında konspiroloji uyğunluq “tapır”, həmçinin Ermənistan baş naziri Nikol Paşinyandan qisas almağa girişir, onu Qarabağı təslim etməkdə ittiham edib. Zatulin bəyanatda Paşinyanı “həmvətənlərini azad etmək üçün barmaq tərpətməməkdə” də ittiham edir və Ermənistan hakimiyyətinə tənqidlər yağdırır, Azərbaycandan isə cinayətkarları “dərhal azad etməyi” tələb edib.

Musavat.com

Seçilən
18
editor.az

1Mənbələr